media-inshot_20250805_202011515

Biz onu filmlərdə izləmişik, mahnılarda dinləmişik, şeirlərdə axtarmışıq. Və hər dəfə sevgi haqqında eyni sual beynimizdə dolaşıb:

Görəsən, bu hissin ömrü nə qədərdir? Bəzilərimiz sevgini “əbədi”hesab edir, bəzilərimiz isə “müvəqqəti bir kimyəvi reaksiyadan ibarətdir”, deyə onu zəiflədən bir reallığın içində boğulur. Bəs əslində elmi faktlar və real həyat təcrübələri nə deyir?

Patrulaz.az mövzu barədə araşdırma edib.

Sevgi bir kimyadırmı?

Müasir neyrobiologiya və psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, sevgi beyində baş verən mürəkkəb kimyəvi proseslərin nəticəsidir. Amerikalı neyropsixoloq Dr. Helen Fisher sevgi hissini üç mərhələdə izah edir: ehtiras, romantik bağlılıq və dərin dostluq – vərdişləşmiş bağlanma.

İlk mərhələdə dopamin, serotonin və norepinefrin kimi hormonlar aktiv şəkildə ifraz olunur. Bu mərhələ, yəni “başımızı itirdiyimiz” dövr, adətən 6 aydan 2 ilə qədər davam edir. Sonra bu kimyəvi fırtına yavaşlayır və onun yerini oksitosin və vazopressin kimi hormonların yaratdığı sakit, dərin bağlılıq hissi tutur. Qısacası, sevginin “vurulmaq” hissəsi kimyəvi olaraq keçicidir. Amma davamlılıq üçün emosional uyğunluq, paylaşım və hörmət lazımdır.

Emosional baxış: Sevgi dəyişir, yoxsa bitir?

Sosioloqlar və münasibət psixoloqları deyir ki, sevgi tək bir formada qalmır. O, zamanla forma dəyişdirir. Əgər iki tərəf bu dəyişikliklə ayaqlaşa bilmirsə, o zaman sevgi tükənmiş kimi görünür.

Psixoterapevt Esther Perel yazır ki, insanlar sevgidən getmir, özlərini artıq o sevgidə görmədikləri üçün gedirlər. Yəni, sevgi bəzən fiziki yaxınlıq, bəzən emosional paylaşım, bəzənsə sadəcə sakit bir dostluq halına çevrilə bilər. Bu, sevginin bitdiyi deyil, dəyişdiyi mənasına da gələ bilər.

Beynəlxalq statistikalar nə deyir?

Fransada aparılan bir sorğu göstərir ki, evli cütlüklərin 63%-i 5 ildən sonra romantik hisslərin azaldığını etiraf edir.

Amerika Psixoloji Assosiasiyası isə bildirir ki, uzunmüddətli münasibətlərdə emosional doyum hissi 7-8-ci illərdə ciddi şəkildə sınağa çəkilir.
Bu, psixologiyada “7-ci il böhranı” kimi tanınır.

Sevgi bir mərhələ deyil, bir yolçuluqdur

Sevginin ömrünü illərlə ölçmək cəhdləri onu anlamaqda çox da kömək olmur. Əgər sevgi ancaq ehtirasdan ibarət olsaydı, o zaman o, tükənməyə məhkum idi. Amma əgər o, dostluq, anlayış və qəbul üzərində qurulubsa, onda sevgi yaşlandıqca gözəlləşə bilər.
Emosional dillə desək, “Səni sevirəm” deyib getmək asandır, amma hər gün eyni adamla qalmağı seçmək sevginin əslidir.

Ləman Sərraf


Bənzər xəbərlər