media-adb52a5e-9269-4f69-b4c5-77de9ddaa816

Türkiyəli tələbə Qonca Gül Kocaman iddia edir ki, Makedoniyada yerləşən universitetdən Türkiyədəki ali təhsil müəssisələrindən birinə köçürülmək məqsədilə təhsil şirkətinə müraciət edib.

Tərəflər müəyyən məbləğ qarşılığında razılığa gəliblər və şikayətçi ödənişin yarısını edib. Lakin şirkət bunun müqabilində heç bir iş görməyib.

“Məndən 23 min dollar tələb etdilər. Məbləğin 11 min 500 dollarının prosesdən əvvəl, qalan hissəsinin isə proses başa çatdıqdan sonra ödənilməli olduğunu bildirdilər. Lakin bir il ərzində müxtəlif vaxtlarda hissə-hissə ödəniş etdim. Nəticədə 3 min dollar artıq olmaqla, ümumilikdə 16 min dollar ödəniş almalarına baxmayaraq, heç bir əməliyyat aparılmadı. Sonradan isə bildirdilər ki, bu məsələni ictimailəşdirsəm və ya rəsmi qurumlara müraciət etsəm, Türkiyədə barəmdə məhkəmə işi açılacaq”, – deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı ECS Xaricdə Təhsil Mərkəzinin direktoru İfrat Göyüşov Patrul.az-a açıqlamasında qeyd edib ki, bu məsələnin Azərbaycandakı şirkətlə heç bir əlaqəsi yoxdur.

“Türkiyə vətəndaşı iddia edir ki, guya Azərbaycan ofisində 23 min dollarlıq müqavilə bağlanıb. Lakin ümumiyyətlə, bu məsələnin Azərbaycandakı şirkətimizə heç bir aidiyyəti yoxdur. Biz həm Türkiyədə, həm də Azərbaycanda vergi ödəyicisiyik. Əgər həmin müqavilə Azərbaycanda bağlansaydı və Azərbaycan şirkətimiz üzərindən həyata keçirilsəydi, o zaman tələbənin dələduzluğa məruz qaldığını demək olardı. Ancaq bu hadisənin ‘ECS Xaricdə Təhsil Mərkəzi’ ilə heç bir əlaqəsi yoxdur”.

Şirkət direktoru bildirib ki, tələbə ödənişi tam edə bilmədiyi üçün transfer prosesi baş tutmayıb.

“Tələbənin mesajları mövcuddur və o, dəfələrlə ödənişi edə bilmədiyini yazıb. Ödəniş həyata keçirilmədiyi üçün proses məcburi şəkildə dayandırılıb. Bu, bizdən asılı olan məsələ deyil, universitetin şərtidir. Bu hal tələbənin məsuliyyətsizliyi və müqaviləni düzgün oxumamasından qaynaqlanır. Müqavilədə bununla bağlı müvafiq bəndlər mövcuddur”.

İfrat Göyüşov əlavə edib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılıb.

“Məsələ ilə bağlı Nərimanov rayonunun 18-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Hadisə Azərbaycan Respublikasının ərazisində baş vermədiyi üçün cinayət işinin başlanması rədd edilib. Bununla bağlı rəsmi qərar mövcuddur”.

O, həmçinin qeyd edib ki, şikayətçi onları media vasitəsilə təhdid edib.

“Xanım dəfələrlə bildirib ki, bizi mediada biabır edəcək. Əslində isə hadisənin Azərbaycana heç bir aidiyyəti yoxdur. Təəssüf ki, bəzi KİV-lərin süjetlərində hadisə sanki Azərbaycanda baş veribmiş kimi təqdim olunub. Bu isə Azərbaycandakı şirkətimizin işgüzar nüfuzuna zərər vurur. Sosial şəbəkələrdə blogerlər və influencerlər də bilmədən şirkəti qınayır, mənfi rəylər yazırlar. Məsələ ilə bağlı vəkilimiz vasitəsilə məhkəməyə müraciət etməyi planlaşdırırıq, çünki hüquqlarımız pozulub”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər