"Slovakiyanın Azərbaycanda fəxri konsulluq açması xalqlarımız arasında yaxınlaşmaya xidmət edəcək" - ŞƏRH
Slovakiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu dövlət Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.
Siyasi şərhçi Vüqar Əhmədov bu kontekstdə iki ölkə arasında münasibətləri Patrulaz.az-a açıqlamasında dəyərləndirib:
“Slovakiya ilə Azərbaycan əlaqələri iki ölkə arasında bir sıra vacib aspektləri ehtiva edir, Slovakiya Şərqi Avropada Azərbaycanla əməkdaşlıq edən əsas ölkələrdən biridir, bu gün hər iki ölkə arasında XİN və digər strukturlar arasında səmərəli və yaxşı əlaqələr mövcuddur, Slovakiya kimi bir dövlətin Azərbaycanda fəxri konsulluğunun açılması həm bu ölkənin Azərbaycanda təmsilçiliyinin genişləndirilməsinə səbəb olacaq, həm də iki ölkə arasında humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına gətirib çıxaracaq. Həm Slovakiya, həm Azərbaycan müstəqil dövlət və yerləşdikləri regionun aparıcı aktorlarıdır. Bu gün Slovakiya Avropa İttifaqı çərçivəsində bütün təsirlərdən uzaq, müstəqil və öz ölkəsinin maraqlarına söykənən bir siyasət aparır, o cümlədən Azərbaycan regional və qlobal miqyasda müstəqil bir oyunçudur”.

O bildirib ki, Azərbaycanın enerji təminatında Slovakiyanın da payı var:
“Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə bir-birini dəstəkləyir, iki ölkənin Prezidentləri arasında çox yaxşı münasibətlər mövcuddur. Düşünürəm ki, Slovakiya Respublikasının Azərbaycanda fəxri konsulluğunun açılması xalqlarımız arasında da yaxınlaşmaya xidmət edəcək və ölkələrimiz arasında müxtəlif sahələrdə mübadilənin genişlənməsinə şərait yaratmış olacaq”.
Ləman Sərraf






