Şok hadisə: 11 yaşlı uşaq süni intellektlə intihar ssenariləri qurdu
ABŞ-də uşaqların süni intellekt çatbotları ilə təhlükəli əlaqələr qurduğu aşkarlanıb.
Patrul.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, 11 yaşlı bir qızın “Character.AI” platformasında süni intellekt personajları ilə riskli münasibətlər qurduğu üzə çıxıb.
Bildirilir ki, altıncı sinif şagirdi “Ən yaxşı dost” adlı süni intellekt personajı ilə intihar ssenarilərini əhatə edən rol oyunları aparıb.
Uşağın anası baş verənlərlə bağlı narahatlığını belə ifadə edib:
“Bu mənim uşağımdır. Onun cəmi 11 yaşı var. O, mövcud olmayan, mövcud olmaq istəməyən bir şey haqqında danışır”.
Ana qızının telefonunu yoxlayarkən TikTok və Snapchat kimi bloklanmış tətbiqləri aşkar edib və silib. Lakin qızın süni intellektlə söhbətləri davam etdirdiyi, həmçinin platformadan ona e-poçt mesajlarının göndərildiyi məlum olub.
Araşdırma zamanı platformada “Mafiya Əri” adlı digər süni intellekt personajı ilə cinsi və məcburedici ifadələrdən ibarət yazışmaların aparıldığı da üzə çıxıb.
Bundan sonra ana polisə müraciət etsə də, səlahiyyətli qurumlar qarşı tərəfin real insan olmamasını əsas gətirərək müdaxilə edə bilməyəcəklərini bildiriblər. Hazırda uşağın müalicəsi və qorunması üçün xüsusi plan hazırlanır, ailə isə şirkətə qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır.
Mütəxəssislər bildirirlər ki, bu cür hallar süni intellektin uşaqlar üçün artıq real və ciddi təhlükəyə çevrildiyini göstərir. Xüsusilə emosional əlaqə qura bilən və rol oynayan çatbotlar uşaqların psixoloji istismarı üçün risk yaradır.
Qeyd edək ki, “Character.AI” noyabr ayının sonunda 18 yaşdan kiçik istifadəçilər üçün “açıq söhbətlərin” silinəcəyini açıqlayıb.






