media-inshot_20251028_212832149

Sosial media insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar burada fikirlərini bölüşür, müzakirələr aparır və müxtəlif mövzularda münasibət bildirirlər. Lakin bu platformalarda bəzən emosiyalar idarə olunmur, insanlar real həyatda deməyə çəkinəcəkləri sözləri asanlıqla yazırlar. Anonimlik və məsafə hissi aqressiv davranışları artırır, qarşılıqlı hörmət və empatiya azalır. Nəticədə, sosial media həm mübahisələrin, həm də mənfi enerjinin yayılmasına zəmin yaradır.

Bəs sosial media insanların aqressiyasını niyə bu qədər gücləndirir?

Bu barədə klinik psixoloq, psixoterapevt Nuranə Bağırova Patrulaz.az -a açıqlamasında bildirib ki, sosial mediada aqressiya əsasən insanların real həyatda deməyə çəkinəcəkləri fikirləri ekran arxasında sərbəst ifadə etməsi və konfliktli mövzuların daha çox önə çıxması səbəbindən artır:

“Sosial mediada aqressiyanın artmasının əsas səbəblərindən biri insanların real həyatda öz kimliklərindən və iç dünyalarından çıxış edərək deyə bilməyəcəkləri şeyi ekran arxasında rahat şəkildə ifadə edə bilmələridir. Məsələn, hansısa qadın öz geyimini paylaşır və başqa bir qadın bunu bəyənmədikdə, içindəki aqressiyanı ifadə etmək üçün çox da hər hansı sansürə ehtiyac olmadan fikrini çatdırmaq üçün söyüşlərdən və ya mənfi rəylərdən istifadə edir. Əlbəttə, bu həm qarşı tərəfi, həm də cəmiyyəti manipulyasiya edir. Bu, ilk öncə konflikti artıran əsas səbəblərdəndir.

İkinci səbəb isə sosial mediada konfliktlərin daha çox üzə çıxmasıdır. Məsələn, sosial mediada hansısa elmi kəşf haqqında post paylaşıldıqda, adətən bu mövzu orada bitir və insanlar arasında geniş yayılmır, yəni mövzu sükutla keçişdirilir. Lakin konfliktli mövzular – məsələn, kimsə boşanır, kimsə ərə gedir, kimsə bir-biri ilə dalaşır və ya hətta öldürürsə daha çox qabardılır. Konfliktlər önə çəkildiyi üçün bu mövzularda insanlar arasında konflikt bilinci və aqressiya artır”.

media-inshot_20251028_213948414

N. Bağırova sosial mediada ideal həyat təsvirləri insanların, xüsusilə gənclərin, özlərini başqaları ilə müqayisə edərək narazı və kompleksli hiss etməsinə səbəb olduğunu vurğulayıb:

“Digər bir məsələ isə müqayisədir. Bilirsiniz ki, sosial mediada göstərilən bahalı həyat, hər şeyin qüsursuz və qaydasında olması təəssüratı yaradır. “Mənim həyatımda hər şey yerindədir, sizin həyatınızda isə heç nə qaydasında deyil” kimi bir hiss insanlara ötürülür. Bu xüsusilə gənc və yeniyetmələr arasında daha güclü təsir göstərir. Biz avtomatik olaraq öz həyat keyfiyyətimizi, standartlarımızı, saç düzümümüzü, bədənimizi, gözümüzü, qaşımızı, yəni, anatomik quruluşumuzu belə başqaları ilə müqayisə etməyə başlayırıq. Bu zaman insanın özünə və həyatına qarşı aqressiyası yaranır. “Mən niyə bu həyatda yaşayıram?”, “Niyə insanlar xoşbəxtdir, mən isə xoşbəxt olmamaq üçünmü dünyaya gəlmişəm?”, “Mənim günahım nə idi?” kimi suallar insanı özünə və ailəsinə qarşı aqressiv edir.

Bu aqressiyanın nəticəsi olaraq isə bədən dismorfiyası yaranır, yəni, insanlar bədənlərini daim dəyişdirməyə çalışır, estetik əməliyyatlara tez-tez müraciət edirlər. Eləcə də boşanmaların sayının artmasının bir səbəbi də “xoşbəxt deyiləm” düşüncəsidir.

Qısacası, bu “xoşbəxtlik algısını” dəyişən ən mühüm amillərdən biridir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər