media-inshot_20260416_220655429

Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında “lotereya” adı altında keçirilən canlı yayımlar geniş yayılıb və bu hallar vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Belə sxemlərdə müxtəlif vədlərlə insanlardan pul toplanır, lakin sonradan təşkilatçıların yoxa çıxması fırıldaq ehtimalını gündəmə gətirir. Bu cür fəaliyyətlər nə dərəcədə qanunidir və vətəndaşlar bu kimi hallardan necə qoruna bilər?

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Patrul.az-a fikirlərini bölüşüb:

“Qanunvericiliyə görə lotereya fəaliyyəti dövlət tərəfindən tənzimlənir və xüsusi icazə tələb edir. Fiziki şəxsin sosial şəbəkə üzərindən “lotereya” keçirməsi qanunsuz fəaliyyətdir.

Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

“Lotereyalar haqqında” Qanunun tələblərinə görə, Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir. Qeyd edək ki, stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir”.

media-inshot_20260416_220314648

O qeyd edib ki, stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır:

“Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir.

Əgər bu fəaliyyət mütamadi xarakter daşıyırsa və mütəmadi olaraq pul yığılırsa, bu artıq Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyətinin də tərkibini yaradır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) “qumar oyunu” hesab edilir”.

“Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər