Sosial şəbəkədə “ifşa” edənləri nə gözləyir? - Hüquqşünasdan AÇIQLAMA
Sosial şəbəkələrdə son dövrlər “ifşa” adı ilə paylaşılan məlumatlar sürətlə yayılır və çox vaxt ictimai maraq adı altında şəxsi həyatın sərhədləri aşılır. Bəziləri bunu söz azadlığı kimi qiymətləndirsə də, digərləri bunun ciddi hüquqi nəticələr doğura biləcəyini vurğulayır.
Bəs sosial mediada kiminsə şəxsi məlumatlarını “ifşa etmək” azad söz hesab olunur, yoxsa bu hal qanunvericiliyə görə cinayət məsuliyyəti yaradır?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial şəbəkədə kiminsə şəxsi məlumatlarını “ifşa” adı ilə icazəsiz yaymaq azad söz deyil və cinayət məsuliyyəti yarada bilər:
“Azərbaycan qanunvericiliyinə görə, sosial şəbəkədə kimisə “ifşa etmək” adı ilə onun şəxsi məlumatlarını (şəxsi və ailə həyatının sirri sayılan məlumatlar, foto/video/səs yazıları, yazışmalar, telefon danışıqları və s.) icazəsiz yaymaq azad söz hüququ sayılmır və cinayət məsuliyyəti yarada bilər. Azad söz məsuliyyətsizlik demək deyil — o, başqalarının konstitusiya hüquqlarını pozmamalıdır. Belə əməllər çox vaxt cinayət tərkibi formalaşdırır və cəza ilə nəticələnə bilər”.

B. Umudov qeyd edir ki, şəxsi və ailə həyatına aid məlumatların icazəsiz yayılması qanunla qadağandır və cəzalandırılan əməl sayılır:
“Konstitusiyanın 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu təsbit edir: Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan şəxsi həyat haqqında məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
Cinayət Məcəlləsinin 156-cı maddəsi (“Şəxsi həyatın toxunulmazlığını pozma”) birbaşa bu əməli nəzərdə tutur:
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması – 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırılır.
Eyni əməl vəzifəli şəxs tərəfindən vəzifə mövqeyindən istifadə etməklə törədilərsə, cəza daha ağır olur (2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2ilədək müddətə azadlıqdan məhrum etmə)”.
Hüquqşünasın sözlərinə görə, yazışmaların və şəxsi məlumatların yayılması, eləcə də böhtan və təhqir cinayət məsuliyyəti yaradır və zərərçəkmiş şəxs həm şikayət, həm də kompensasiya tələb edə bilər:
“Cinayət Məcəlləsinin 155-ci maddəsi yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini pozma hallarını da əhatə edir. Bu əməllərə görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 1ilədək müddətə islah işləri tətbiq olunur.
Əlavə olaraq, əgər “ifşa” böhtan (yalan məlumatlar) və ya təhqir elementləri daşıyırsa, Cinayət Məcəlləsinin 147-148-ci maddələri və ya 148-1-ci maddəsi (sosial şəbəkələrdə saxta hesablarla böhtan/təhqir) tətbiq oluna bilər. Şərəf və ləyaqətin ləkələnməsi halında mülki iddia (məhkəmə yolu ilə kompensasiya tələbi) da mümkündür.
Belə hallarda zərərçəkmiş şəxs sosial şəbəkə administrasiyasına şikayət edib məzmunun silinməsini tələb edə bilər, hüquq-mühafizə orqanlarına (polis, prokurorluq) müraciət edib cinayət işi qaldırılmasını xahiş edə bilər, eləcə də məhkəmədə mülki qaydada iddia qaldırıb mənəvi ziyan üçün kompensasiya tələb edə bilər”.
Cəmilə Cəfərzadə






