Sosial şəbəkələr, trendlər, kampaniyalar bayram sevincini artırır, yoxsa bizi süni yarışa sürükləyir? - Psixoloq ŞƏRHİ
Yeni ilə sayılı günlər qaldıqca sosial şəbəkələr də adi paylaşımlardan çıxıb, sözün əsl mənasında bayram ab-havasına bürünür. Hər il olduğu kimi, bu il də istifadəçilər yeni trendlərə qoşulur, fərqli flaşmoblar və kampaniyalar yaradılır, brendlər isə diqqət çəkmək üçün bir-biri ilə “rəqabət aparan” şüarlar irəli sürür. “İsti əllər, soyuq ürəklər” sloqanı ilə tanınan məşhur məkan da bu bayram kampaniyalarının ən diqqətçəkən nümunələrindən biri kimi gündəmə gəlib.
Bəs bütün bu bayram təlaşı, qeyri-adi paylaşımlar və “ideal Yeni il” görüntüləri insanların psixologiyasına necə təsir edir? Sosial şəbəkələr bu dövrdə alış-verişə meyilli davranışları artırır, yoxsa insanları süni bir yarışın içinə salır? Yeni il trendinə çevrilən bu sosial şəbəkə dalğası həqiqətən sevinc və motivasiya yaradır, yoxsa insanların emosional və psixoloji sağlamlığına gizli şəkildə təsir göstərir?
Bununla bağlı Patrul.az-a öz fikirlərini bölüşən psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, hər il Yeni il ərəfəsində keçirilən kampaniyalar marketinq məqsədi daşısa da, insanlar bu zaman alacaqları məhsullara qarşı daha diqqətli və şüurlu olmalıdırlar:

“Yeni il bayramı ilə əlaqədar olaraq bütün hədiyyə şirkətləri, restoranlar və digər satış məntəqələri bayram münasibətilə müxtəlif kampaniyalar təşkil edirlər. Həm restoranlarda keçirilən korporativ bayramlar, həm də hədiyyələrlə bağlı müxtəlif reklamlar təqdim olunur. Əlbəttə ki, hər kəs bayram ərəfəsində bir-birinə hədiyyə alır. Şirkətlər də düşünür ki, buna tələbat varsa, bayramla bağlı reklamların verilməsi faydalıdır. Bu bir marketinq strategiyası olduğu üçün onun mənfi tərəfi yoxdur.
İnsanların isə özləri haqqında məlumatlı olmaları vacibdir. Tutaq ki, mən xarakterimin zəif olduğunu bilirəmsə, sosial şəbəkələrdə qarşıma çıxan kampaniyalara baxmamağa çalışmalıyam ki, bu, mənə mənfi təsir göstərməsin. Düşünürəm ki, ən vacib nüanslardan biri budur ki, əgər sözügedən reklamlar sosial şəbəkələrdə təqdim olunursa, biz onun faydalı tərəflərindən yararlanaq. Lakin insanın düşüncəsinə mənfi təsir edən reklamlar varsa, bu, artıq doğru deyil”.
Gülbəniz Səfərova






