Sosial şəbəkələrdə hesabların bloklanması niyə artır? - Mütəxəssisdən AÇIQLAMA
Son dövrlərdə Instagram və TikTok kimi sosial şəbəkələrdə hesabların bloklanması və ya müxtəlif məhdudiyyətlərlə üzləşməsi halları istifadəçilər arasında ciddi narahatlıq doğurur. Xüsusilə aktiv kontent paylaşan və ya biznes məqsədli istifadə edənlər üçün bu cür hallar həm maddi, həm də reputasiya baxımından itkilərə səbəb ola bilər. Platformaların qaydalarının daim yenilənməsi və avtomatlaşdırılmış nəzarət sistemlərinin sərtləşməsi isə bu mövzunu daha da aktuallaşdırır.
Bəs bu bloklanmaların arxasında hansı əsas səbəblər dayanır? İstifadəçilər daha çox hansı qayda pozuntularına görə cəzalandırılır və hesablarını qorumaq üçün hansı addımları atmalıdırlar?
Bu barədə SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, Instagram və TikTok-da bloklanmanın əsas səbəbi süni aktivlikdir (bot izləyici, saxta bəyənmə və rəy):
“Son dövrlərdə sosial şəbəkələrdə hesabların bloklanmasının artması əslində təsadüfi deyil. Platformalar artıq daha ağıllı işləyir və əsas fokusları istifadəçi təcrübəsi ilə təhlükəsizlikdir.
Əsas səbəblərdən biri süni şəkildə aktivlik artırmaq cəhdləridir. Bot izləyici almaq, kütləvi bəyənmə və rəy şəbəkələrindən istifadə etmək artıq çox rahat aşkar olunur. Platformalar bunu manipulyasiya kimi qəbul edir və nəticədə ya görünürlük azalır, ya da hesab ümumiyyətlə bloklanır”.
A. Abdullayev qeyd edir ki, TikTok və Instagram-da bloklanmanın digər əsas səbəbləri spam davranışlar və müəllif hüququ pozuntusu olan təkrar kontent paylaşımıdır:
“Digər böyük səbəb spam davranışlardır. Məsələn, qısa müddətdə çox sayda follow etmək, eyni mesajı onlarla insana göndərmək və ya copy-paste şərhlər yazmaq sistem tərəfindən “insan davranışı” kimi yox, avtomatlaşdırılmış fəaliyyət kimi qəbul olunur.
Kontent tərəfdə də ciddi filtr var. Xüsusilə müəllif hüquqlarının pozulması, başqa mənbələrdən götürülmüş videoların paylaşılması və ya dəyər qatmadan təkrar kontent yerləşdirmək platformalar tərəfindən cəzalandırılır. Bu, xüsusilə TikTok-da daha sərt hiss olunur”.
Mütəxəssisin sözlərinə görə, Instagram və TikTok-da hesabı qorumağın yolu təbii artım, orijinal kontent və şübhəli alətlərdən uzaq durmaqdır:
“Bir başqa məsələ isə üçüncü tərəf alətlərdir. Bir çox istifadəçi hesabın böyüməsi üçün müxtəlif avtomatlaşdırma alətlərindən istifadə edir, amma bu alətlərin çoxu platformaların qaydalarına zidd işləyir və nəticədə hesab risk altına düşür.
Mənim fikrimcə, bu dəyişikliklərin əsas mesajı çox sadədir: platformalar artıq süni böyüməni yox, real dəyər yaradan kontenti mükafatlandırır.
Hesabı qorumaq üçün istifadəçilərə tövsiyəm odur ki, daha təbii davransınlar. Yəni ani və aqressiv artım strategiyalarından uzaq dursunlar, keyfiyyətli və orijinal kontentə fokuslansınlar, həmçinin şübhəli alətlərdən istifadə etməsinlər.
Bu gün sosial mediada uğur qazanmağın yolu “sistemi aldatmaq” deyil, sistemi düzgün başa düşməkdir”.
Cəmilə Cəfərzadə






