media-inshot_20260105_200504240

Müasir dövrdə sosial şəbəkələr yalnız insanların əlaqə qurduğu platforma olmaqla kifayətlənmir, eyni zamanda brendlərin, yaradıcıların və fərdi istifadəçilərin öz kontentlərini geniş auditoriyaya təqdim etməsi üçün strateji bir sahəyə çevrilib. İzləyici sayı tez-tez populyarlığın göstəricisi kimi qiymətləndirilir, amma platforma alqoritmləri baxımından bu, təkcə bir ölçü vahidi olmaqla kifayətlənir. Alqoritmlər əsasən kontentin necə qəbul edildiyini və istifadəçilərin ona necə reaksiya verdiyini təhlil edir; buna baxış sayı, paylaşım vaxtı və istifadəçi aktivliyi daxildir. Eyni zamanda, süni manipulyasiya vasitələrinin mövcudluğu alqoritmlərin işləmə prinsipinə təsir edə bilər, amma əksər hallarda platformalar saxta siqnalları müəyyən edib təsirini minimuma endirmək üçün əlavə meyarlar tətbiq edirlər.

Sosial şəbəkələrdə real təsir yaratmaq üçün izləyici sayından əlavə hansı faktorlar daha çox önəm daşıyır?

Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki,sosial şəbəkələrdə izləyici sayı önəmli deyil, əsas məsələ istifadəçilərin kontentə necə reaksiya verdiyi və onun alqoritm tərəfindən necə qiymətləndirilməsidir:

“Sosial şəbəkələrdə çox vaxt elə düşünülür ki, izləyici sayı nə qədər çoxdursa, təsir də bir o qədər güclüdür. Amma reallıqda bu artıq köhnə yanaşmadır. Mən deyərdim ki, bugünkü platformalar üçün əsas məsələ rəqəmlər yox, insanların həmin məzmuna necə reaksiya verdiyidir. Yəni paylaşımı neçə nəfər izləyir, nə qədər baxış sona qədər gedir, kimlər şərh yazır, paylaşır və ya saxlayır alqoritmlər məhz bunlara baxır. Məsələn, minlərlə izləyicisi olan amma paylaşımlarına maraq göstərilməyən hesab alqoritm üçün passiv hesab olunur. Əksinə, daha az izləyicisi olsa da paylaşımları aktiv müzakirə olunan hesablar daha çox önə çıxır. Çünki sistem düşünür ki, bu məzmun insanlara doğrudan da maraqlıdır. Paylaşım vaxtı da burada böyük rol oynayır. Auditoriyanın onlayn olduğu saatlarda paylaşılan məzmun ilk dəqiqələrdə daha çox reaksiya alırsa, alqoritm onu daha geniş auditoriyaya yayır. Yəni lori dildə desək ilk saatlardakı baxış sayı və istifadəçi reaksiyası məzmunun taleyini müəyyən edir. Burada izləmə sayı və baxış müddəti də çox önəmlidir. Video yarımçıq izlənirsə, alqoritm bunu mənfi siqnal kimi qəbul edir. Amma insanlar videonu sona qədər izləyirsə, sistem bunu keyfiyyətli kontent hesab edə bilir”.

media-img-20260105-wa0045

Texnoloqun sözlərinə görə, sosial şəbəkələrdə real təsir izləyici sayından yox, etibar və istifadəçi aktivliyindən asılıdır:

“Bəzən izləyici və baxış sayını süni yollarla artırmağa çalışırlar. Amma bu üsullar uzunmüddətli nəticə vermir. Sosial şəbəkələr botları və saxta aktivliyi tanıya bilir və belə hesabların görünürlüğünü azaldır. Umumiyyətcə mən deyərdim ki, sosial şəbəkələrdə real təsir izləyici sayından yox, etibardan və aktivlikdən keçir. İnsanlara dəyər verən, faydalı və səmimi məzmun paylaşan hesablar alqoritmlər tərəfindən də, izləyicilər tərəfindən də daha çox dəstəklənir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər