media-photo-output

Online platformalar müasir dövrdə insanların ünsiyyət, informasiya mübadiləsi və fikir paylaşımı üçün əsas məkanlardan birinə çevrilib. Burada müxtəlif maraq dairələri ətrafında formalaşan icmalar, qruplar və sosial əlaqələr insanların davranışına və düşüncə tərzinə ciddi təsir göstərə bilər. Bəzən istifadəçilər fərqində olmadan müəyyən qrupların təsiri altına düşür, onların ideoloji və sosial təzyiqləri ilə üz-üzə qalırlar. Bu isə xüsusilə gənclər arasında qruplaşmaların güclənməsinə və müxtəlif təsir mexanizmlərinin yaranmasına səbəb olur.

Bütün bunları nəzərə alaraq belə bir sual ortaya çıxır: Online platformalarda istifadəçilər arasında sosial təzyiq və qruplaşmaların yaranmasına nə səbəb olur və bu prosesdən qorunmağın yolları hansılardır?

Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, sosial şəbəkələrdə radikal dini qrupların fəaliyyəti təhlükə yaradır:

“Sosial şəbəkələrdə müxtəlif qruplar mövcuddur. Xüsusilə dini qruplarda insanlar müxtəlif yollarla tora salınırlar. Məsələ burasındadır ki, illər əvvəl də görürdük: müxtəlif terror qruplaşmalarına üzvlərin cəlb edilməsi, bu təşkilatlara yönləndirilən təbliğat və insanların sosial şəbəkələr üzərindən toplanması geniş şəkildə aparılırdı. Bu gün də Azərbaycanda sosial şəbəkələrdə İrana bağlı radikal dini qruplar fəaliyyət göstərir. Onlar açıq şəkildə həm dövlətə qarşı təhdidlər səsləndirir, həm də insanları təhqir etməkdən və hədəfə almaqdan çəkinmirlər. Hüquq-mühafizə orqanları bu cür radikal dini qruplaşmaların fəaliyyətinə qarşı mütləq tədbir görməlidir.”

Sosioloqun sözlərinə görə, sosial şəbəkələr gəncləri radikal qrupların və narkotik təbliğatının təsirinə açıq vəziyyətə gətirir:

“Bundan əlavə, sosial şəbəkələrdə narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan qruplar da mövcuddur. Bu qruplar gəncləri, xüsusən də azyaşlıları yoldan çıxarır, onların etibarını qazanmağa çalışır. Ümumiyyətlə, bu gün sosial şəbəkələrdə radikal qrupların təsiri genişlənib və onların əksəriyyəti müxtəlif radikal dini qruplaşmalara, o cümlədən İrana bağlı şəbəkələrə istiqamətlənir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər