Sosial şəbəkələrdə yayılan yalan xəbərlər həqiqi məlumatlardan 6 dəfə tez yayılır
Rəqəmsal mediada məlumat istehlakı sürətlə dəyişir. Aparılan beynəlxalq araşdırmalar göstərir ki, oxucuların təxminən 70 faizi xəbərlərin yalnız başlığını oxuyur, mətnin isə detallarına varmır. Bu tendensiya xüsusilə sosial şəbəkələr vasitəsilə yayılan xəbərlərdə daha qabarıq şəkildə özünü göstərir.
Patrul.az–ın araşdırmasına görə, emosional və sensasiyalı başlıqlar səbəbindən yalan xəbərlər həqiqi məlumatlardan təxminən 6 dəfə daha sürətlə yayılır və oxucular məzmunu oxumadan yalnız başlığa reaksiya verdikdə bu, dezinformasiyanın yayılması üçün təhlükəli zəmin yaradır.
Mütəxəssislərin fikrincə, informasiya bolluğu və vaxt məhdudiyyəti oxucuları xəbərlə səthi tanış olmağa vadar edir. İnsanlar əksər hallarda başlığa əsaslanaraq mövzu ilə bağlı mövqe formalaşdırır, bu isə yanlış və natamam nəticələrə yol aça bilir.
Araşdırmaların ortaya qoyduğu daha narahatedici fakt isə budur ki, yalan və manipulyativ xəbərlər həqiqi məlumatlardan təxminən 6 dəfə daha sürətlə yayılır. Bunun əsas səbəbi emosional, qorxu və sensasiya üzərində qurulan başlıqların oxucuların diqqətini daha tez cəlb etməsidir. Belə məzmunlar paylaşılma baxımından da daha aktiv olur. Ekspertlər bildirir ki, oxucular məqalənin məzmununu oxumadan yalnız başlığa reaksiya verdikdə dezinformasiyanın yayılması üçün əlverişli mühit yaranır. Bu hal cəmiyyətin düzgün məlumatlandırılmasına ciddi təhlükə hesab olunur və media savadlılığının artırılmasının vacibliyini gündəmə gətirir.
Qeyd edilir ki, məsuliyyət yalnız oxucuların deyil, həm də media qurumlarının üzərinə düşür. Dəqiq, yanıltmayan başlıqların seçilməsi və faktlara əsaslanan məzmunun təqdim olunması informasiya təhlükəsizliyi baxımından mühüm rol oynayır.
Cəmilə Cəfərzadə






