“SpaceX”in “Starship” raketi buraxıldıqdan sonra yenidən parçalanıb
Amerikalı milyarder İlon Maska məxsus kosmik nəqliyyat şirkəti “SpaceX” tərəfindən yük və insanların daşınması məqsədi ilə hazırlanan “Starship” raketi 8-ci sınaq uçuşu üçün havaya qalxdıqdan bir neçə dəqiqə sonra parçalanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı iş adamı İlon Maska məxsus “SpaceX”-in 122 metr uzunluğundakı nəhəng “Starship” raketi Türkiyə vaxtı ilə saat 02.30-da 4 süni Starlink peyki ilə ABŞ-ın Texas əyalətindəki Starbase raket inkişaf etdirmə yerindən uğurla buraxılıb.
Raketin təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisi, Super Heavy, buraxılışdan təxminən 8 dəqiqə sonra planlaşdırıldığı kimi buraxılış meydançasına qayıdıb. Ancaq əlaqənin kəsildiyi açıqlanan “Starship” havaya qalxdıqdan bir neçə dəqiqə sonra kosmosda parçalanıb. Sosial şəbəkələrdə paylaşılan videolarda Florida və Baham adalarının səmasında yanan dağıntı parçaları görünüb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) dağıntılar səbəbindən Mayami, Fort Lauderdale, Palm Beach və Orlando hava limanlarında uçuşları qısa müddətə dayandırıb. Hadisəni araşdırmaq üçün “SpaceX”-ə müraciət edilib.