media-photo-output

Son illərdə insanlar arasında stres və gərginlik hissi xeyli artıb. Gündəlik həyatdakı iqtisadi, sosial və psixoloji təzyiqlər insanları daha aqressiv davranmağa, düşünülməmiş addımlar atmağa vadar edir. Bu hal təkcə iş mühitinə deyil, şəxsi həyata da birbaşa təsir göstərərək daha tələsik və bəzən yanlış qərarların verilməsinə səbəb olur.

Bəs stres insanın qərarvermə prosesinə necə təsir edir?

Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, stres insanın düşünmə qabiliyyətini zəiflədir, manipulyasiyaya daha açıq edir və tələsik qərar verməyə meyilləndirir.

1. Stres beynin qərarvermə sisteminə necə təsir edir?

Psixoloqun sözlərinə görə, insan maliyyə və ya sosial çətinlik dövründə olanda bədəndə kortizol hormonu artır. Bu hormon:
• Beynin mükafat sistemini tez aktivləşdirir — insan qısa yoldan nəticə axtarır,
• Rasional düşünməyi zəiflədir, instinktiv qərarları gücləndirir,
• “Tez çıxış yolu tapmalıyam” düşüncəsini artırır,
• Riskləri düzgün qiymətləndirməyi çətinləşdirir.

Bu vəziyyət insanı fərqinə varmadan normalda qəbul etməyəcəyi təklifləri real hesab etməyə sövq edir.

2. Niyə fırıldaqçılar çətinlik yaşayan insanları daha asan manipulyasiya edir?

Psixoloqa görə, stresli dövrdə insanlar üç əsas emosional vəziyyətlə mübarizə aparırlar:

1. Ümid ehtiyacı
İşsiz və maddi sıxıntıda olan şəxs ən kiçik “şans” mesajına belə inanmağa meylli olur. Ümidsizlik beyni pozitiv informasiyaya daha həssas edir.

2. Qorxu və itki narahatlığı

“Bu fürsəti qaçırsam, başqa yolum olmayacaq” düşüncəsi insanı real olmayan təkliflərə belə bağlaya bilir.

3. Tükənmişlik və psixoloji yorğunluq

Uzunmüddətli çətinliklər diqqəti və düşünmə sürətini zəiflədir, manipulyasiyanı tanımaq çətinləşir.

3. Stres altında verilən qərarlar niyə daha çox səhvlə nəticələnir?

Stres zamanı beynin məntiq, analiz və planlaşdırma mərkəzi olan prefrontal korteks zəifləyir, əvəzində emosional reaksiya mərkəzi – amigdala aktivləşir.

Nəticədə:

• Qərarlar tələsik verilir,
• Təkliflərin detalları analiz olunmur,
• Risklər nəzərə alınmır,
• “Onsuz da vəziyyətim pisdir, bəlkə bu çıxış yoludur” kimi düşüncələr güclənir.

Bu, fırıldaqçıların ən çox istifadə etdiyi psixoloji boşluqdur.

4. Maliyyə çətinliyi zamanı özünü necə qorumaq olar?

Fırıldaqçılıqlardan qorunmaq üçün psixoloq aşağıdakı tövsiyələri verir:

• Tələsik qərar verməmək — minimum 24 saat düşünmək,
• Təklifləri mütləq başqa biriylə müzakirə etmək,
• “Çox yaxşıdırsa, yəqin ki, real deyil” prinsipini unutmaq,
• Stresi azaltmaq üçün nəfəs texnikalarından, fiziki hərəkətdən və emosional boşalma üsullarından istifadə etmək,
• Özünütənqid və ümidsizlik düşüncələrini tanıyaraq onlardan uzaq durmaq.

Psixoloq vurğulayır ki, emosional sabitlik manipulyasiya riskini ciddi şəkildə azaldır:

“Maliyyə çətinliyi yaşayan işaxtaran insanların fırıldaqçılıqlara daha tez inanması zəiflik deyil. Bu, stresin beyində yaratdığı təbii mexanizmdir. İnsan çıxış yolu axtardıqca beynin ümidə olan həssaslığı artır və yanlış təkliflər daha inandırıcı görünür. Psixoloji maariflənmə, emosional tənzimləmə və stres idarəetməsi bu dövrdə ən güclü qoruyucu mexanizmlərdir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər