media-fec3c98e-c15f-4dea-88e2-688e42dec12c

Ölkəmizdə son dövrlərdə zəhərlənmə halları ilə bağlı ciddi artım müşahidə olunur. Xüsusilə, qidalanma yolu ilə baş verən zəhərlənmələr cəmiyyətin sağlamlığı üçün təhlükəli tendensiyaya çevrilib. Zəhərlənmələrlə bağlı çoxalan şikayətlər və gündəmi zəbt edən hadisələr insanlarda qida təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırıb. Bəs zəhərlənmələrin artmasının əsas səbəbləri nələrdir? Onların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Patrulaz.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bu sahədə diqqət yetirilməli olduğumuz məqamları və insan sağlamlığını təhdid edən əsas faktorları açıqladı:

“Yay mövsümü yaxınlaşdıqca temperatur rejiminin qalxması və bir çox yüksək risk qrupuna aid olan qidaların – ət və ət məhsullarının, süd və süd məhsullarının doğru şəkildə saxlanılmaması, o cümlədən soyuq zəncir prinsipinin qırılması və 4°-dən aşağıda saxlanılması vacib olan qidaların daha yüksək temperaturda saxlanılaraq tərkibinin pozulması zəhərlənmə hallarını artırır. Həmçinin də sanitar-gigiyena qaydalarına əməl olunmadan qidaların hazırlanması, açıq havada qida təhlükəsizlik qaydalarına əməl olunmadan mənşəyi bəlli olmayan qidaların hazırlanması insanlarda qida yolu ilə zəhərlənmələrinə səbəb olur. Bir çox hallarda zəhərlənmə çox təhlükəli olduqda ölümlə nəticələnə bilər. Zəhərlənmələr bəzi immun sistemi aşağı olan azyaşlılarda, xroniki xəstəliyi olanlarda, hamilə və süd verən qadınlarda özünü kəskin simptomlarla göstərir. Lakin bu, immun sistemi güclü olan insanlarda yüngül əlamətlərlə keçir. Ancaq bu heç də onlara zərər vurmadığı anlamını vermir. Çünki həmin insanlarda mədə-bağırsaq sisteminin və bağırsaq mikroflorasının pozulması da immun sisteminin aşağı düşməsinə səbəb ola bilir”.

media-bfaaa16f-3910-4202-b7ca-2ef0bd555d52

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “Fast food” yeməklərində də zəhərlənmələrə yol açan faktorları izah etdi:

“”Fast food” qidalarında da daha çox keyfiyyətsiz, mənşəyi bəlli olmayan, köhnə ət və toyuq məhsullarından istifadə etmək, dəfələrlə istifadə olunmuş bitki yağlarının yüksək emala məruz qalaraq transyağa çevrilməsi şəklində hazırlanması, o cümlədən köknəlmiş ketçup və mayonezdən istifadə olunması zəhərlənmələrə səbəb olur. Ət və ət məhsullarının düzgün temperaturda bişirilməməsi nəticəsində çiy qalan hissədən də zəhərlənmə ola bilər. Bütün bunların hazırlanmasında isə təmiz sudan istifadə olunmaması da zəhərlənməyə yol açır. Ona görə də, düzgün qidalanmaq və zəhərlənmədən qorunmaq məqsədilə qidalanmanı əvvəlcədən planlaşdırmaq lazımdır. Belə ki, evdə qidalanma zamanı bütün bu sayılan amillərə diqqət yetirmək vacibdir. Ev şəraitində qidalanma mümkün olmadıqda, mənşəyi bəlli olan, güvənilən yerlərdən yemək almaq lazımdır. Həmçinin də, qida qəbul edərkən mütləq təzə, yerli və mövsümi qidalara üstünlük vermək məsləhətlidir. Mümkün qədər evdə tərkibindən əmin olduğumuz qidalardan istifadə etmək tövsiyyə olunur. Hazır paketlənmiş məhsullar alınacaqsa, bu zaman etiket məlumatları düzgün oxunmalıdır. Üzərində istehsalçı şirkətə aid bütün məlumatların olması ilə yanaşı, həm də məhsulun tərkibi, saxlanma şəraiti ilə bağlı məlumatlar olmalıdır və bu məhsullar həmin şəraitə uyğun şəkildə satışa çıxarılmalıdır”.

Mütəxəssis bildirir ki, gündəlik su qəbulu hər bir fərd üçün çəkinin hər kiloqramına 0,30 litr hesablanmalıdır. Bu, orqanizmin su balansını qorumaq və sağlam metabolizmanı təmin etmək üçün vacibdir. Ağır kalorili, xüsusilə də qızardılmış yeməklərdən istifadə isə, axşam saatlarında tövsiyə olunmur:

“Gündəlik su qəbuluna da diqqət yetirilməlidir. Bu da hər bir orqanizim üçün 0,30 hesab olunur. Daha ağır kalorili qızartmalardan istifadə etmək tövsiyə olunmur. Xüsusilə də axşam yeməklərində…
Orqanoleptik göstəricilərinə görə, dadı, qoxusu və görünüşü dəyişən qidaları “heç nə olmaz” deyib qəbul etmək yerinə, onları atmaq daha məsləhət görülür”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər