"Şübhəli şəxsi nəinki öldürmək, hansısa hüququnu belə inkar etmək səlahiyyətləri yox idi" - DEPUTAT
“Rusiyada azərbaycanlılara qarşı törədilmiş hadisələri Rusiya hüquq-mühafizə orqanlarının törətdiyi cinayət əməlidir. Əlbəttə, nə vaxtsa, haradasa baş vermiş istənilən cinayət hadisəsini araşdırmaq üçün vətəndaşı polis idarəsinə dəvət etmək onların səlahiyyətindədir. Amma baş verənlər onu göstərir ki, Rusiya FTX hər hansı bir cinayəti törətməkdə şübhəli bilinən bir şəxsi istintaqa dəvət edib məsələni araşdırmaq əvəzinə şübhəli şəxsi özləri birbaşa cəzalandırmaq qərarına gəliblər və nəticədə FTX əməkdaşları özləri daha böyük cinayət törədiblər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat, Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, ictimai-siyasi xadim Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Rusiyaya məxsus xüsusi təyinatlı qüvvələrin şübhəli hesab edilən şəxsləri döymək, işgəncə vermək və ya öldürmək kimi səlahiyyətləri yoxdur. Onların vəzifəsi yalnız həmin şəxsləri saxlayaraq istintaq orqanlarına təhvil verməkdir:
“Onların şübhəli şəxsi nəinki döyərək öldürmək, heç onun hansısa hüququnu inkar etmək səlahiyyətləri də yoxdur. Şübhəli şəxsin yaşadığı ünvana gəlmiş əməkdaşların vəzifəsi şübhəli şəxsi evindən və ya yerləşdiyi hər hansı bir ünvandan götürüb istintaq orqanlarına təhvil verməkdir. Onlara müqavimət göstərməyən şübhəli şəxsə qarşı bu cür vəhşiliklərin edilməsi onu göstərir ki, FTX-nın davranışı bu başdan qərəzlidir və qeyri-qanunidir. Əlbəttə, Rusiyadakı bu günkü şəraitdə qanundan, səlahiyyət həddindən danışmaq özü də yersiz görünür. Rusiya idarə olunmaz bir hala gəlib. Ölkənin hər yerində korrupsiya, reket, özbaşınalıq və banditlik pik həddə çatıb. Buna rəvac verənlərin önündə isə Moskvanın hüquq-mühafizə orqanları özləri durur. Ölkədə ən qəddar polis rejimi hökm sürür. İnsanları söylədikləri bir fikrə görə, etdikləri narazılığa görə qeyri-qanuni üsullarla cəzalandırmaq, polis xofu yaratmaq, öz haqlarını tələb etməyə görə insanları uzun müddətli həbslərə atmaq bu günkü Rusiya idarəçiliyinin davranışıdır. Rusiyada yaşayan qeyri- rus etnik mənsubiyyətli insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilir. Bu ksenofobiyadır, qatı milıətçilikdir və nəhayət dövlət strukturları səviyyəsində törədilən cinayətdir. Bu müasir Rusiya mədəniyyətinin və “qanunçuluğunun” əsl simasıdır”.
Cavanşir Feyziyev bildirib ki, Azərbaycan soydaşlarımıza qarşı törədilən vəhşiliyə görə Rusiyaya qarşı ciddi addımlar atır. Onun sözlərinə görə, səfirin Xarici İşlər Nazirliyinə çağırılması, yüksək səviyyəli səfərlərə icazənin ləğvi və cinayətkarların cəzalandırılması tələbi bunun göstəricisidir. Deputatın fikrincə, Kreml düzgün nəticə çıxarmasa, münasibətlər kəskinləşəcək, lakin Azərbaycan buna hazırdır:
“Azərbaycan höküməti lazım olan addımları atır. Məlumdur ki, Rusiyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağrılıb, soydaşlarımıza qarşı yörədilmiş bu vəhşiliyə görə izahat tələb olunub. Eləcə də bu cinayəti törətmiş hüquq- mühafizə orqanları əməkdaşlarının ən sərt şəkildə cəzalandırılması tələb olunub. Amma görüləcək tədbirlər bununla məhdudlaşmır. Yüksək səviyyəli Rusiya rəsmilərinin yaxın zamanda ölkəmizə planlaşdırılmış gəlişinə icazə verilməyib. Hesab edirəm ki, Rusiya rəhbərliyində müvafiq nəticə çıxararaq lazım olan hüquqi addımları atmayacağı halda Azərbaycan və Rusiya arasında münasibətlər daha kəskinləşəcək. Bunun üçün Azərbaycan kifayət qədər siyasi iradəyə malikdir”.
Gülbəniz Səfərova