media-inshot_20260426_124438296

Dünən Vaşinqtonda ABŞ Prezidenti Donald Trampa qarşı törədilən sui-qəsd cəhdinin yeni detalları üzə çıxıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hücumu həyata keçirən şəxsin Kaliforniyada “Ayın müəllimi” seçilmiş yüksək ixtisaslı mütəxəssis olduğu məlum olub.

Hadisə Ağ Ev Müxbirləri Assosiasiyasının ənənəvi qala şam yeməyi zamanı “Washington Hilton” otelində baş verib.

Məlumata görə, silahlı şəxs tədbir zalının girişindəki təhlükəsizlik yoxlama məntəqəsini yarmağa cəhd edərkən atəş açıb. Silah səslərinin eşidilməsi ilə zalda böyük çaxnaşma yaranıb.

Məxfi Xidmət agentləri dərhal reaksiya verərək Prezident Donald Trampı, birinci xanım Melaniyanı, vitse-prezident Cey Di Vensi, eləcə də Müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubionu təhlükəsiz əraziyə təxliyə ediblər.

Araşdırmalar nəticəsində hücum edən şəxsin Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib. Hadisə yerindəcə zərərsizləşdirilərək saxlanılan Allenin keçmişi ilə bağlı detallar hər kəsi təəccübləndirib.

Onun “C2 Education” mərkəzində müəllim işlədiyi, 2024-cü ildə “Ayın müəllimi” seçildiyi və nüfuzlu Kaliforniya Texnologiya İnstitutunun (Caltech) mühəndislik fakültəsinin məzunu olduğu bildirilir. O, həmçinin video oyun tərtibatçısı kimi də fəaliyyət göstərib.

Polis müəyyən edib ki, Allen hadisənin baş verdiyi “Washington Hilton” otelinin qonağı olub və orada əvvəlcədən otaq kirayələyib.

Onun üzərindən bir tüfəng, bir tapança və bir neçə bıçaq aşkar edilib. İlkin ifadəsində Allen hədəfinin birbaşa prezident administrasiyasının rəsmiləri olduğunu etiraf edib.

Prezident və digər dövlət rəsmiləri hücumdan xəsarət almayıb. Lakin atışma zamanı bir Məxfi Xidmət zabiti yaralanıb. Zabitinin həyatını əynindəki zirehli jilet (bronjilet) xilas edib.

Hazırda faktla bağlı “federal zabitə hücum” və “zorakılıq zamanı odlu silahdan istifadə” maddələri ilə cinayət işi açılıb, genişmiqyaslı təhqiqat davam etdirilir.

Gülbəniz Səfərova 7


Bənzər xəbərlər