Sükan arxasına keçən azyaşlı qəza törədərsə, məsuliyyət kimə düşür - valideynə, yoxsa...
Dünən Bakıda atasının avtomobildə olmamasından istifadə edən iki azyaşlı uşaq qapıları açıq vəziyyətdə olan nəqliyyat vasitəsini hərəkətə gətirərək yolda olan iki piyadanı vurublar. Hadisə zamanı uşaqlar nəqliyyat vasitəsindən düşə bilsələr də, piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib. Bu hadisə ilə yanaşı, ölkəmizdə valideyn nəzarətsizliyi nəticəsində yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə baş verən qəzaların sayı da az deyil.
Valideyn nəzarətsizliyi nəticəsində azyaşlı uşaqların avtomobili hərəkətə gətirməsi və bu halın başqa şəxsin ölümü ilə nəticələnməsi zamanı hansı qanunvericilik tədbirləri tətbiq olunur? Bu halda cinayət işi açıla bilərmi və məsuliyyət kimə aid edilir?
Bu barədə Patrul.az-a hüquqşünas Turan Abdullazadə öz təcrübəsindəki bilikləri bölüşüb. Onun sözlərinə görə, burada məsuliyyətin valideynin üzərinə düşməməsi üçün yetərli faktlar sübuta yetirilməlidir.
Hüquqşünas bildirir ki, belə hallarda cinayəti valideyn törətmədiyindən o, hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilməz:
“Yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin törətdikləri mülki hüquq pozuntusu nəticəsində vurulmuş mənəvi zərər tələbləri üzrə sübutetmə yükünün Mülki Məcəllənin aidiyyəti üzrə 1103-1105-ci maddələri ilə nizamlandığı nəzərə alınmalıdır.
Mülki qanunvericiliyə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda, zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər”.

T. Abdullazadə bildirir ki, bəzi hallarda mülkiyyətçinin də üzərinə müəyyən öhdəlik düşə bilər.
Onun sözlərinə görə, belə halı törədən azyaşlı cinayət məsuliyyətinə yaşı nəzərə alınaraq cəlb olunur:
“Yüksək təhlükə mənbəyinin (məsələn, avtomobilin) sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Məsələn, mülkiyyətçi mühərriki işlək vəziyyətdə olan avtomobili nəzarətsiz qoyduğu üçün azyaşlı uşaq tərəfindən idarə edilərək hadisənin törədildiyi halda, vurulmuş zərərə görə uşağın valideynləri ilə yanaşı, həm də mülkiyyətçi də məsuliyyət daşıyacaqdır.
Baş vermiş hadisə ilə bağlı valideynin cinayət məsuliyyəti yaranmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, cinayət məsuliyyəti şəxsi xarakter daşıyır. Heç kim başqasının əməlinə görə cinayət məsuliyyəti daşıya bilməz.
Yəni, uşağın törətdiyi hərəkətə görə valideyn onun yerinə cəzalandırıla bilməz. Uşağa gəldikdə isə, cinayət qanunvericiliyinə görə, bəzi cinayətlər istisna olmaqla, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir”.
Gülbəniz Səfərova






