Sükan arxasında telefonda canlı yayıma qoşulan sürücü barəsində tədbir görüldü - VİDEO
Sumqayıt yolunda sərnişin avtobusunu idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü barəsində tədbir görülüb.
Patrul.az xəbər verir ki, hadisə Sumqayıt istiqamətində hərəkət edən 7 saylı marşrut xəttində qeydə alınıb. Belə ki, avtobus sürücüsünün sükan arxasında mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım izləməsi ilə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan görüntülər araşdırılıb və həmin avtobusu idarə edən sürücünün N.Əlişanov olduğu müəyyən edilib. O, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinə dəvət olunub.
Bildirilib ki, sürücü barəsində inzibati protokol tərtib olunub, həmçinin onunla profilaktik söhbət aparılıb.
Qurumdan qeyd olunub ki, sükan arxasında mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır:
“Nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunması mümkünsüz olur. Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir”, – idarədən bildirilib.
Gülbəniz Səfərova






