Süni intellekt atom istehsalına keçir
ABŞ-da ilk dəfə olaraq nüvə reaktorlarının istehsal və tikinti proseslərinə süni intellekt əsaslı idarəetmə sistemi tətbiq olunacaq.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, bu sahədə Palantir Technologies və The Nuclear Company adlı iki ABŞ şirkəti əməkdaşlığa başlayıb. Onlar nüvə obyektlərinin tikintisini daha sürətli, büdcəyə uyğun və təhlükəsiz şəkildə həyata keçirmək üçün NOS adlı süni intellekt platforması üzərində çalışırlar.
Bu sistem real vaxt rejimində işçi qruplarına müasir təlimatlar verir, material planlamasını optimallaşdırır və resursların effektiv idarə olunmasına imkan yaradır.
Şirkət nümayəndələri bildirirlər ki, bu platforma iş cədvəllərinin dəqiqliyini təmin etməklə yanaşı, həm də təchizat zəncirinin izlənməsini mümkün edir. Beləliklə, göndərmə səhvləri, material çatışmazlığı və sənədlərin itməsi kimi problemlərin qarşısı alınacaq.
Qeyd edək ki, bu layihə Palantir-in “Warp Speed” istehsal əməliyyat sisteminin bir hissəsidir. Bu təşəbbüs nüvə texnologiyalarının daha şəffaf və təhlükəsiz şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Gülbəniz Səfərova