media-inshot_20260428_144320238

Bəzi insanlar getdikcə ətrafından uzaqlaşıb süni intellektlə hal-əhval tutur, onunla dərdləşir, ondan məsələhət alır. 

Bu vəziyyət bizi nəyə sürükləyir?

Süni intellektin (ChatGpt və s.) inkişafı, günümüzdə önəmli rol oynaması insanların psixologiyasına necə təsir göstərir? 

Mövzu ilə bağlı Patrul.az psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

O qeyd edib ki, süni intellektin, xüsusilə də ChatGPT kimi sistemlərin gündəlik həyata sürətli inteqrasiyası insan psixologiyasına həm yeni imkanlar açır, həm də müəyyən risklər yaradır:

“Bu prosesi yalnız texnoloji inkişaf kimi yox, eyni zamanda davranış və münasibətlərin transformasiyası kimi qiymətləndirmək daha doğru yanaşmadır. Bir tərəfdən, süni intellekt insanların emosional boşluqlarını qismən doldura bilir. İnsan özünü dinlənilmiş hiss edir, fikirlərini ifadə etmək üçün təhlükəsiz mühit tapır, ani cavab alır. Bu xüsusilə sosial dəstəyi zəif olan, özünü ifadə etməkdə çətinlik çəkən və ya tənqid qorxusu yaşayan insanlar üçün müəyyən rahatlıq yaradır. Psixoloji baxımdan bu, ilkin mərhələdə gərginliyin azalmasına və özünü anlama prosesinin aktivləşməsinə xidmət edə bilər. Digər tərəfdən, burada incə və çox vacib bir xətt var. İnsan münasibətləri emosional dərinlik, qarşılıqlı məsuliyyət, empatiya və real sosial qarşılıqlı təsir üzərində qurulur. Süni intellekt isə bu prosesin yalnız müəyyən hissəsini simulyasiya edir”.

media-inshot_20260428_143640619

Psixoloqun sözlərinə görə, əgər insan getdikcə real sosial mühitdən uzaqlaşıb bütün emosional ehtiyaclarını texnologiya üzərindən qarşılamağa çalışırsa, bu artıq sosial izolyasiya riskini artırır:

“Bu zaman insanın sosial bacarıqları zəifləyə, real münasibətlər qurmaqda çətinlik yarana və emosional bağlılıq səthi xarakter ala bilər. Burada əsas məsələ ondan ibarətdir ki, süni intellekt insanın həyatında vasitə rolunu saxlamalıdır, alternativ reallığa çevrilməməlidir. Əgər insan texnologiyanı özünü inkişaf etdirmək, məlumat əldə etmək və düşüncəsini genişləndirmək üçün istifadə edirsə, bu müsbət təsir yaradır. Amma əgər insan real ünsiyyətdən qaçmaq üçün onu seçirsə, bu artıq psixoloji kompensasiya mexanizminə çevrilir və uzun müddətdə daha ciddi problemlərə yol aça bilər. Bu proses bizi iki istiqamətə apara bilər. Birinci istiqamət daha şüurlu, məlumatlı və özünü dərk edən fərdlərin formalaşmasıdır. İkinci istiqamət isə sosial əlaqələrin zəiflədiyi, insanın təkcə texnologiya ilə münasibət qurduğu və emosional olaraq daha təcrid olunmuş cəmiyyət modelidir. Hansı istiqamətin üstünlük təşkil edəcəyi isə birbaşa olaraq istifadə mədəniyyətindən asılıdır. Ona görə də burada qadağalar deyil, balanslı yanaşma vacibdir”.

“İnsan texnologiyanı istifadə etməlidir, amma onun yerini verməməlidir. Real münasibətlər, canlı ünsiyyət, sosial mühit və emosional bağlılıqlar insan psixikasının əsas dayaqları olaraq qalmalıdır”,– deyə o sözlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər