“Sürətli həyat insanı duyğularından uzaqlaşdırır” Psixoloq emosional tükənmənin səbəblərini açıqladı
Bugünkü insanın ən çox rast gəldiyi psixoloji problemlərdən biri xroniki narahatlıq və emosional tükənmişlikdir. Bu vəziyyət həm gündəlik həyatın tempindən, həm də sosial və texnoloji mühitdən təsirlənir. İnsanlar tez-tez öz emosiyalarını dərk etmək və idarə etməkdə çətinlik çəkirlər.
Bəs bu problemlərin əsas səbəbi sürətli həyat tərzimizdirmi, yoxsa insanların emosional dünyası ilə əlaqəni itirməsidirmi?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, sürətli həyat tərzi insanı duyğularından uzaqlaşdırır və tükənməyə aparır:
“Məncə, bu iki amil bir-biri ilə çox sıx bağlıdır. Sürətli həyat tərzi bizi davamlı olaraq ‘etməliyəm’, ‘çatmalıyam’, ‘uğurlu olmalıyam’ kimi düşüncə tələlərinə salır. Bu isə insanı öz daxili ritmindən uzaqlaşdırır. Biz daha çox ‘funksional’ yaşayırıq, amma ‘emosional’ yaşamırıq.
Emosional dünyası ilə əlaqəni itirən insan bir nöqtədən sonra öz bədəninin və duyğularının siqnallarını eşitmir. Yorulanda da dayanmağı bacarmır, çünki ‘daha çox etməliyəm’ düşüncəsi artıq avtomatik hala gəlib. Bu vəziyyət zamanla həm xroniki narahatlığa, həm də emosional tükənmişliyə gətirib çıxarır.”
Psixoloq vurğulayır ki, daxili balansı qorumaq üçün yavaşlamaq və hisslərə qulaq asmaq vacibdir:
“Ümumilikdə əsas səbəb yalnız sürətli həyat deyil, emosional dayanma nöqtəsinin itməsidir. İnsan sürətli yaşaya bilər, amma duyğularını dərk etmədən yaşadıqda daxili balans pozulur.
Ən sağlam yanaşma bir az yavaşlamaq, öz hisslərinə qulaq asmaq və ‘mən indi nə hiss edirəm?’ sualını tez-tez özünə verməkdir. Çünki bərpa prosesi, əslində, insanın öz daxili dünyası ilə yenidən əlaqə qurduğu anda başlayır.”
Cəmilə Cəfərzadə






