Suriyada qısa müddətli atəşkəs elan edildi - HƏLƏBDƏ SON VƏZİYYƏT
Suriya ordusu Hələbdə SDQ terror təşkilatına qarşı keçirilən əməliyyatlardan sonra atəşkəs elan edib.
Patrul.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi YPG/SDQ terror təşkilatına Hələbi səhər saat 03:00-dan 09:00-dək tərk etmək üçün vaxt verildiyini, bu müddət ərzində isə atəşkəsin qüvvədə olacağını açıqlayıb.
Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada bunlar bildirilib:
“Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Beni Zeyd məhəllələrində saat 03:00-dan etibarən atəşkəs elan edilib. Silahlı qruplardan bu saatdan etibarən ərazini tərk etmələri xahiş olunur. Atəşkəs saat 09:00-da başa çatacaq”.
Atəşkəs qərarının verilməsində əsas məqsəd məhəllələrdə hərbi mövcudluğa son qoymaq, rəsmi əməliyyatların bərpasına şərait yaratmaq və evlərini tərk etmiş mülki şəxslərin geri qayıtmasını asanlaşdırmaqdır.
Məlumata görə, əməliyyat çərçivəsində Suriya ordusunun bölmələri Hələb şəhər mərkəzində YPG/SDQ terror təşkilatının nəzarətində olan Beni Zeyd məhəlləsinin böyük hissəsini nəzarətə götürüb. Əşrəfiyyə məhəlləsi də YPG qüvvələrindən tamamilə təmizlənib. Bundan sonra terrorçuların bölgədən qaçdığı bildirilir.
Terrorçuların Hələbdə həyata keçirdiyi hücumlar nəticəsində 10 mülki şəxs həlak olub, 88 nəfər yaralanıb. Hücumlarla əlaqədar 142 min mülki şəxs təhlükəsiz bölgələrə təxliyə edilib.
Xatırladaq ki, Suriya ordusunun Hələbdə YPG/SDQ terror təşkilatına qarşı əməliyyatları davam edərkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Əhməd əl-Şara arasında da mühüm telefon danışığı baş tutub.
Ərdoğan bölgədəki ortaq təhdidlər fonunda iki ölkə arasında birgə koordinasiyanın həyati əhəmiyyət daşıdığını vurğulayıb. Tərəflər terrorizmə qarşı mübarizədə qurumlararası sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Gülbəniz Səfərova






