Sürücülərin görməyə çətinlik çəkdiyi svetoforla bağlı RƏSMİ AÇIQLAMA
Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində svetoforun görüntüsünün ağac budaqları ilə məhdudlaşması səbəbilə tədbirlər görülməyə başlanılıb.
Patrulaz.az-a məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat verib. Onun sözlərinə görə, mərkəz əməkdaşları paytaxt ərazisində genişmiqyaslı monitorinq aparıb. Nəticədə görüntüsü zəif olan 34 yolayrıcında svetoforların funksionallığına maneə yaradan ağac budaqları müəyyən edilib.
Bu istiqamətdə müvafiq siyahı hazırlanaraq, ağacların budanması üçün aidiyyəti quruma təqdim olunub.
Qeyd edək ki, sözügedən küçədə, xüsusilə Qaraçuxur istiqamətində hərəkət edən sürücülər, üzərinə ağac budaqları düşdüyü üçün svetoforun işıq siqnallarını tam şəkildə görə bilmirdilər. Bu da yol hərəkətində çaşqınlıq yaradaraq, qəzalı vəziyyətə səbəb olma riskini artırırdı.
Gülbəniz Səfərova