“Survivor” iştirakçısı faciəvi qəza keçirdi - Ayağı amputasiya olundu
“Survivor Yunanıstan 2026” yarışmasının iştirakçısı Stavros Floros bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Patrul.az xəbər verir ki, hadisə çəkilişlərin keçirildiyi Dominikan Respublikasının Saona adası yaxınlığında, çəkiliş saatlarından kənar vaxtda baş verib.
22 yaşlı yunan iştirakçı Stavros Floros dənizdə nizə ilə balıq ovlayarkən ərazidən keçən sürətli turist qayığı ona çırpılıb.
Qəza nəticəsində qayığın pərvanəsinin yaratdığı ağır xəsarətlər səbəbindən gənc iştirakçının sol ayağı dizdən aşağı amputasiya olunub. Onun sağ ayağının topuq nahiyəsində də ciddi sümük və yumşaq toxuma travmaları qeydə alınıb.
Bildirilib ki, hadisə zamanı Floros çoxlu qan itirib. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin intensiv müdaxiləsindən sonra vəziyyətinin ağır, lakin stabil olduğu və həyati təhlükəsinin birbaşa olmadığı vurğulanıb.
İstehsalçı şirkətin açıqlamasında bildirilib ki, Floros turist gəmilərinin sıx istifadə etdiyi marşrutda təhlükəsizlik məqsədilə istifadə olunan xüsusi xəbərdarlıq buyundan istifadə etmədən suya dalıb. Bu səbəbdən qayığın heyəti onu suda vaxtında görə bilməyib.
Hadisədən sonra gənc yarışmacını sudan çıxaran şəxslərin həmin ərazidə olan “Survivor Türkiyə” iştirakçıları olduğu qeyd edilib.
“Survivor Yunanıstan” layihəsinin əsas prodüseri, Acun Medya şirkətinin rəhbəri Acun Ilıcalı hadisədən sonra böyük üzüntü keçirdiyini bildirərək təcili şəkildə İstanbuldan Dominikan Respublikasına yollanıb.
Hadisədən sonra layihənin istehsal heyəti “Survivor Greece” proqramının çəkilişlərini və yayımını qeyri-müəyyən müddətə dayandırıb.
Hazırda yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Qeyd edək ki, “Survivor Türkiyə” və “Survivor Yunanıstan” komandaları müxtəlif oyun və tədbirlərdə çox vaxt bir araya gələrək birgə iştirak edirdilər. Stavros Floros isə tamaşaçılar tərəfindən mehriban və pozitiv xarakteri ilə tanınırdı.

Gülbəniz Səfərova






