Şuşa və Ağdamda “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şuşa və Ağdam şəhərlərində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda tədbirlər keçirib.
Bu barədə Patrulaz.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, xidmət tərəfindən Şuşa şəhərində yerləşən “Şuşa otel və konqres” mərkəzində və “Xarı bülbül” otelində, Ağdam şəhərində yerləşən “Aghdam City” otelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdığı vurğulanıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi vurğulanıb. Həmçinin, tədbirlərdə elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb.