media-inshot_20260121_135641694

Məktəblərdə yeni təşəbbüs: tarix, ədəbiyyat və incəsənət fənlərinin “mədəniyyət” adı altında birləşdirilməsi gündəmdədir.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına əsasən, 2026–2030-cu illər dövründə mədəniyyətin təhsil sisteminin ayrılmaz hissəsinə çevrilməsi planlaşdırılır. Konsepsiyada, həmçinin mədəniyyət sahələri və Azərbaycanın milli-mədəni irsi ilə bağlı fənn və biliklərin tədrisinin təmin olunması xüsusi vurğulanır.

Bu çərçivədə bir sıra suallar aktuallaşır: Yeni fənn hansı adla tədris edilə bilər? Bu dərsi hansı ixtisas üzrə təhsil almış müəllimlər keçməlidir? Eləcə də, fənnin hansı siniflərdə tədris olunması daha məqsədəuyğundur?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, bu yanaşma təhsildə parçalanmış bilikləri birləşdirərək gəncə faktları yox, bütöv şəkildə “mən kiməm?” sualının cavabını verməyi hədəfləyir:

“Təhsilimizdə illərdir davam edən “parçalanmış bilik” dərdi var: uşaq bir otaqda müharibə tarixlərini əzbərləyir, o biri otaqda həmin dövrün şeirini oxuyur, amma bu ikisi arasında heç bir bağ qura bilmir. “Mədəniyyət – 2040” konsepsiyası çərçivəsində gətirilən bu yenilik əslində həmin o qopuq zəncirləri birləşdirmək cəhdidir. Mən bu fənni qısaca “Milli Kod” adlandırardım. Çünki məqsəd fakt yığını deyil, gəncə “mən kiməm?” sualının cavabını bir bütöv halında verməkdir.Bəs bu çətin yükün altına kim girəcək? Açığını deyək, bizə standart müəllim yox, həm tarixin tozlu səhifələrini, həm ədəbiyyatın ruhunu, həm də sənətin estetikasını eyni ehtirasla danışa bilən “universal zəkalar” lazımdır. İlkin mərhələdə bu fənni tarix və ədəbiyyat müəllimləri ortaq apara bilər, amma gələcəkdə bu, tam fərqli bir ixtisas sahəsi olmalıdır. Əgər müəllim muğamla miniatür sənətini, Nizami ilə dövrün siyasi reallığını əlaqələndirə bilmirsə, dərslik nə qədər mükəmməl olsa da, yenə əzbərə qurban gedəcək”.

media-img-20260121-wa0031

Ekspertin fikrincə, bu dərslər 8–11-ci siniflərdə davamlı şəkildə tədris olunmalı, gəncə quru faktlar deyil, milli kimlik və bütöv düşüncə qazandırmalıdır:

“Bu dərslər xüsusən 8-ci sinifdən başlamalı və 11-ci sinfə qədər davam etməlidir. Yeniyetməlik dövründə olan gəncə quru tarixdən daha çox, fəxr edəcəyi bir kimlik lazımdır. Biz uşağa sadəcə “Xətai filan ildə bu döyüşü uddu” deməməliyik; biz ona göstərməliyik ki, eyni adam həm qılınc oynadırdı, həm də incə ruhlu bir divan yaradırdı. Bax, əsl tərbiyə və vizyon budur.Sözün qısası, bu sadəcə bir fənn dəyişikliyi deyil. Bu, uşaqlara keçmişi əzbərlətmək əvəzinə, onlara gələcəyi öz milli təməlləri üzərində qurmaq üçün “kod” vermək layihəsidir. Əgər bu dərsi sinif otaqlarından çıxarıb muzeylərə, tarixi məkanlara və canlı sənətə daşıya bilsək, təhsilimizdə əsl inqilab o zaman baş verəcək. İndi seçimimiz bəllidir: ya köhnə qaydada davam edib məlumat anbarı yetişdirəcəyik, ya da bu fənləri birləşdirib “bütöv insan” modelinə keçəcəyik”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər