media-0581318350167bfd9b05f0ecf75438ba

Ukraynanın Qərbində yerləşən tarixi Qalisiya qalasında arxeoloqların apardığı qazıntılar zamanı 12-ci əsrə aid olduğu güman edilən, 300 ildir ki, mövcudluğu bilinməyən gizli və möhürlənmiş otaq aşkar edilib.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının arxeoloqları Halych şəhərində yerləşən qala xarabalıqlarında ventilyasiya şaxtasına rast gəliblər. Məhz bu şaxta onları qalanın altındakı sirli kameraya aparıb. Tədqiqatçılar qeyd edir ki, otaq çox güman ki, 1676-cı il Türkiyə-Polşa müharibəsindən sonra torpaqla dolaraq unudulmuşdu.

Qədim Qaliç Milli Qoruğunun direktoru Vladimir Oleynikin sözlərinə görə, otağa aparan şaft daxil olmaq üçün kifayət qədər dar olduğu üçün qazıntı işləri tamamilə əl ilə aparılıb:
“Kameraya daxil olmaq üçün 5200 kub futdan çox zibil çıxardıq. Heç bir texnika istifadə olunmadı, çünki artefaktların və strukturun bütövlüyünü qorumaq əsas məqsəd idi”, – deyə Oleynik bildirib.

Tədqiqatçılar otağın divarlarında tünd his ləkələri və havalandırma şaxtası aşkar ediblər. Bu da onların otağın bir vaxtlar kazemat, yəni silahların saxlanması və sınaqdan keçirilməsi üçün möhkəmləndirilmiş yer olduğunu ehtimal etməsinə səbəb olub. Qazıntı zamanı tapılan maddi sübutlar artilleriya fəaliyyəti ilə uyğunluq təşkil edir.

Qeyd edək ki, Qalisiya qalası, digər adı ilə “Starosta qalası” XII əsrdə Dnestr çayının sahilində inşa edilmiş və uzun illər boyunca regionun hərbi və siyasi mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir. Əvvəlcə taxta konstruksiyada tikilən qala sonralar daşla möhkəmləndirilmiş, XIV əsrdə Polşa kralı III Kazimir tərəfindən yenidən qurulmuşdur.

XVII əsrdə isə italyan memar Fransisko Korazzininin rəhbərliyi ilə qala daha da təkmilləşdirilmişdi. Lakin 1676-cı il Türkiyə-Polşa müharibəsi zamanı Osmanlı ordusunun ağır artilleriya atəşləri nəticəsində qalanın bir hissəsi dağıdılmış və həmin gizli kameranın da girişinin torpaqla örtülərək unudulduğu güman edilir.

Araşdırmaçılar hazırda yeni tapılan kameranın qalanın digər sirli strukturları ilə əlaqəsini öyrənməyə çalışırlar. Divarlarda müşahidə olunan dar boşluqlar tunel və yeraltı keçidlərin ola biləcəyi ehtimalını gücləndirir. Bu isə uzun illər boyu bölgədə dolaşan əfsanələrin real əsasının olub-olmadığını üzə çıxara bilər.

Yerli əfsanələrdən birinə görə, Qalisiya qalasının altında gizli keçidlər şəbəkəsi olub və bu tunellər vasitəsilə bir zamanlar yüksək rütbəli məmurun qızı öz sevdiyi ilə birlikdə mühafizəçilərin nəzarətindən yayınaraq qaçmağa nail olub. Arxeoloqlar belə tunellərin varlığını təsdiqləyə biləcək istənilən ipucunun bölgəyə olan marağı daha da artıracağını düşünürlər.

 

Tədqiqatçılar yaxın günlərdə qazıntıları genişləndirməyi və kameranın daxili strukturunu daha detallı şəkildə sənədləşdirməyi planlaşdırırlar. Qalisiya qalasının altında gizlənmiş bu sirr, ehtimal olunur ki, Ukraynanın orta əsrlər hərb tarixi və memarlığı barədə yeni faktların üzə çıxmasına səbəb olacaq.

 


Bənzər xəbərlər