media-img-20250629-wa0005

Heç insan niyə özündən yüzlərlə, hətta minlərlə il əvvəl baş verənləri bilmək zərurəti hiss edir deyə düşünmüsünüzmü? Axı bunun böyük bir səbəbi olmalıdır. Bizdən əvvəl baş verənlər, sürətlə dəyişən, hər ötən gün heç bilmədiyimiz yeniliklərlə qarşılaşdığımız dünyada bizə nə vəd edir ki?

İnsan gələcəyi yalnız proqnozlaşdıra bilir, keçmiş isə artıq yazılmış, təsdiqini tapmış, dərs çıxarmalı olduğumuz bir kitabı xatırladır. Günün reallıqlarında həmin kitabı vərəqləməklə sabahımıza dair cavablar tapmaq mümkündür.

Geosiyasi vəziyyət dəyişir, yeni elmi, texniki nailiyyətlər xalqları bir-birinə inteqrasiya edir, iqtisadi proseslər müasir dünyada bir çox alternativ yollar yaradır, ancaq dəyişməyən bir şey qalır, tarix, artıq yazılmış, təsdiqlənmiş tarix.

Tariximizi vərəqləməyə başlayanda görürük ki, Azərbaycan xalqının başına gətirilmiş bəlalarda bir çox maşalardan istifadə olunub, maşalar dəyişib, istifadə etdikləri üsullar dəyişib, amma onu tutan əl hər zaman eyni qalıb – Şimalda bizim qonşu dediyimiz Rusiya.

Tarixə nəzər salanda görürük ki, hər zaman başımıza gələn bəlaların arxasında bu və ya digər şəkildə “rusun əli” var.

O Rusiya ki, dünya dəyişsə də, adı, dövləti, idarəsi dəyişsə də, hər zaman elə Rusiya olaraq qalır. Əliqanlı, islamofob, xaos və intriqa ilə qidalanan, parçalayaraq hökmranlıq sürməyə çalışan Rusiya…

Bu gün tarixdə bu dövlətin yazdığı növbəti qara səhifələr yazılır. Yox, bu səhifələr deyəndə Buçadakı soyqırımını demirəm, günahsız insanların başlarına yağan raketləri demirəm, körpələri qətlə yetirən amansız işğal müharibəsini, özü ilə eyni soydan, qandan, candan olan Ukraynaya təcavüzü demirəm.

Bu gün yazılan qara səhifələr Rusiyanın hələ də davam edən imperiya maraqlarının, islamofob düşüncənin, digər xalqlara qarşı ayrı-seçkiliyin, nifrətin təzahürüdür. Axı Rusiyada son gördüyümüz kadrlarda azərbaycanlı miqrantların başına gətirilənləri başqa necə izah etmək olar?

Təəssüf ki, Rusiya bu gün həmin “maraq”larla idarə olunur. O “maraq”lar ki, elə Rusiyaya tarixdən miras qalan bir bəladır. Dünya dəyişib, Rusiya isə heç dəyişməyib, bu dövlət, onun rəhbərliyi, onu idarə edən düşüncə tərzi hər zaman eyni qalıb. Azərbaycan xanlıqlarına hücum edən təcavüzkarla, bu gün Ukraynaya caynaqlarını sancan həmin o təcavüzkar eynidir. Ötən əsrin əvvəllərində xalqların müstəqilliklərinə təcavüz edən də eyni Rusiyadır. 70 il SSRİ adı ilə milyonlarla vətəndaşını qətlə yetirən, sürgün edən, repressiyaya məruz qoyan, aclıqla sınayan, xalqların şüuruna qarşı ən iyrənc cinayətləri törədən də həmin Rusiyadır, həmin düşüncə, həmin “mara”lardır.

90-cı illərdə başımıza gələn bəlaların arxasında dayanan, 20 yanvarda Bakıda qətliam törədən, Xocalıda bəşər tarixinin ən qanlı cinayətini törədənlərə həmin o ağlı, silahı verən, arxasında duran da həmin Rusiyadır. Qarabağın işğalı, milyonlarla soydaşımızın evlərindən didərgin düşməsi, itirdiyimiz minlərlə günahsız insanın qanı – bütün bunları törədən maşaların əlindəki siıahı tutan “rusun əli” deyildi mi? Çeçenistanda müsəlmanların başına həmin o bəlaları gətirən də eyni Rusiya deyildimi?

Eyni idi. Rusiya adı və şəkli nə olur olsun hər zaman eyni Rusiyadır.

Bu gün isə Rusiya artıq bütün bəşəri dəyərləri kökündən itirib. Bütün əməlləri ifşa olunmuş, artıq itirəcək heç nəyi qalmamış Rusiya, özünüqorumaq instinkti ilə hər yerə vəhşi kimi hücum çəkən bir canavarı xatırladır.

Əslində xatırlatmır, Rusiya elə məhz həmin canavardır. Sadəcə küncə sıxışdıqca, ifşa olunduqca iç üzünü göstərməkdən çəkinmir.

Rusiyanı idarə edən düşüncə tərzi artıq bütün bəşəriyyət adına bir bəlaya çevrilir.

Bu gün baş verənlər göstərir ki, tarix yanılmır. Həmin tarix Rusiyanın əsl mahiyyətini dəfələrlə ortaya qoyub. Ən pisi də odur ki, Rusiya dəyişməz olaraq qalır. Bu gün onu idarə edən qüvvələr məhz qanlı tarixindən, cinayətlərdən, amansız düşmənçilikdən bəhrələnərək formalaşan imperiya maraqlarının məhsullarıdır. Rusiya Prezidenti Vladimir Putinin isə xüsusi xidmət orqanlarındakı “keçmiş” fəaliyyətləri bu məsələdə əsl nümunədir. Həmin xüsusi xidmət orqanları ki, ənənələri keçmiş SSRİ-dən tutmuş ta Çar Rusiyasına kimi bir çox qanlı cinayətə, bəşəriyyətin dəyərlərinə xəyanətə əsaslanır.

Azərbaycanlı miqrantlara qarşı törədilən cinayət Rusiya dövlətinin əsl üzünü göstərir, bu həqiqətin aynasında Rusiyanın əsl simasıdır. Bütün dünyanın tanıdığı “rus ayısı” hər zaman məhz bu cür xislətdə olub. Ayılar qış yuxusuna yatsa da, “rus ayısı” heç vaxt qış yuxusuna getmir, o hər zaman, ilin bütün fəsillərində, tarixin bütün dövrlərində cinayətə, qətllərə, haqsızlıqlara, zülmə acdır. Onu doyurmaq mümkün deyil. Qısası, baş verən vəhşilik heç təəccüblü deyil, Rusiya elə həmin Rusiyadır…

Orxan Tağıyev


Bənzər xəbərlər