“Tələbələr təcrübə keçdikləri müəssisələrdə əmək müqaviləsi ilə işləyə bilər” - Pərvinə Qədimova
Son günlər təcrübələr zamanı tələbələrlə əmək müqaviləsi bağlanılması geniş müzakirə olunur. Tələbələrin təcrübə proqramlarında əmək münasibətlərinin necə tənzimlənəcəyi və bunun üçün hansı şərtlərin tələb oluna biləcəyi maraq doğurur.
Tələbələrin təcrübə müddətində onlarla əmək müqaviləsi bağlamaq mümkündürmü?
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, tələbələr təcrübə müddətində əmək müqaviləsi ilə işlədikdə bu fəaliyyət rəsmi təcrübə kimi hesab oluna bilər:
“Tələbələrin təcrübə keçdikləri müəssisədə əmək müqaviləsi ilə işləməsi mümkündür və bu, mövcud normativ sənədlərlə ziddiyyət təşkil etmir. Əsas olan odur ki, tələbə həm təcrübə proqramının tələblərini yerinə yetirsin, həm də əmək münasibətləri bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl olunsun. “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası” sənədinin 3.12 və 3.13-cü bəndlərinə əsasən bir neçə vacib məqama diqqət yetirilməsi mütləqdir. Sənədin 3.12-ci bəndinə əsasən, tələbə təhsil aldığı müddətdə ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olarsa, bu fəaliyyət təhsil müəssisəsindəki təcrübə komissiyasının qərarı ilə təcrübə kimi tanına bilər. Bu, o deməkdir ki, tələbə ixtisasına uyğun bir müəssisədə əmək müqaviləsi ilə işləyirsə, onun həmin fəaliyyəti rəsmi təcrübə kimi qəbul edilə bilər. Eyni bəndə əsasən tələbənin əmək fəaliyyəti təcrübə kimi tanındıqda hər bir həftəlik iş fəaliyyəti 1,5 kreditə bərabər tutulur. Bu, həm tələbə, həm də təhsil müəssisəsi üçün ümumi təcrübə yükünün hesabatlı və aydın şəkildə planlaşdırılmasını təmin edir”.

Ekspertin sözlərinə görə, tələbələr ixtisasına uyğun və ya uyğun olmayan fəaliyyətdə əmək müqaviləsi ilə işləyərək bu saatları rəsmi təcrübə kimi kreditləşdirə bilərlər:
“Sənədin 3.13-cü bəndi tələbənin təcrübə dövründə həftəlik minimum fəaliyyət həcmini müəyyən edir. Beşgünlük iş rejimində həftəlik ən azı 20 saat təcrübə fəaliyyəti olmalıdır. Təhsil müəssisəsi ixtisasın xüsusiyyətindən asılı olaraq bu müddəti artıra bilər. Bu tələb həm təcrübə, həm də əmək müqaviləsi ilə iş zamanı tətbiq oluna bilər. Yəni, tələbə işləyirsə, onun həftəlik real iş yükü bu tələbi ödəməlidir ki, həmin fəaliyyət təcrübə kimi tanına bilsin. Əgər tələbə təhsil aldığı müddətdə qeyri-ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olarsa, o zaman ən azı həftəlik 20 saatlıq təcrübə yükünü ödəməli, yəni həftənin 5 günü hər gün 4 saat olmaqla təcrübədə olmalıdır. Bu zaman tələbə ilə təcrübə keçdiyi müddətdə saatlar üst-üstə düşməmək şərtilə əmək müqaviləsi bağlanıla bilər. Bağlanılan əmək müqaviləsində tələbənin iş saatları aydın göstərilməli və gündəlik 8 saatlıq iş yükünü keçməməlidir. Beləliklə, tələbələrin təcrübə keçdikləri müəssisədə əmək müqaviləsi ilə işləməsi tamamilə mümkündür və müvafiq normativ sənədlərlə dəstəklənir. Əgər tələbənin iş fəaliyyəti onun ixtisasına uyğundursa və təhsil müəssisəsi bunu təsdiqləyirsə, həmin iş həm əmək münasibəti sayıla bilər, həm də rəsmi təcrübə kimi kreditləşdirilə bilər. Bu isə tələbəyə həm real iş təcrübəsi, həm də akademik üstünlük qazandırır. Əgər tələbənin iş fəaliyyəti onun ixtisasına uyğun deyilsə, o zaman təcrübə saatları tam ödənilməklə, başqa müəssisə ilə əmək müqaviləsi bağlanıla bilər”.
Cəmilə Cəfərzadə






