Tərif edərkən övladınızın qəlbini qıra bilərsiniz: Sizi onlardan uzaqlaşdıran 4 SÖZƏ DİQQƏT!
Bəzən valideynlər övladlarına mənəvi dəstək olmaq istəyərkən onlardan istədikləri cavabı ala bilmirlər. Onlar uşağın uğurlarına sevinir, ruhlandırmaq istəyirlər, amma əvəzində soyuqluq, əsəbilik və ya incikliklə qarşılaşırlar. Psixoloqlar bunun əsas səbəbini belə izah edir: bəzən valideynin tərifi, görünüşdə dəstək kimi səslənsə də, övladı bu ifadələri sətiraltı tənqid kimi qəbul edir.
Psixoloqun hekayəsi
Amerikalı psixoloq Cefri Bernşteyn müştərisinin başına gələn bir hadisəni belə izah edir: “Ata başa düşə bilmirdi ki, nələr baş verdi. Qızı uzun müddət iş axtarışında uğursuzluq yaşadıqdan sonra nəhayət, iş tapmışdı və ata onu dəstəkləmək istəyirdi. “Nəhayət, artıq düz yoldasan,” – o, öz qızını sevinərək öz fikrini bildirib. Lakin cavab gözlənilən kimi olmadı. Qız əsəblə dedi: “Məni dəstəkləmirsən, bu cür deməklə, mənim əvvəl yarıtmaz biri olduğumu üzümə vurursan! Niyə, sadəcə, uğuruma sevinmirsən?” Ata və qız hər ikisi çıxılmaz vəziyyətdə qaldı, ata dəstəyi ifadə etməyə çalışırdı, qız isə bunu səylərinin dəyərləndirilməməsi kimi qəbul edirdi.
Psixoloq bu cür hallarda böyümüş övladları uzaqlaşdıran dörd sözü göstərir: “Nəhayət, artıq daha yaxşı…” (That’s more like it).
Niyə bu sözlər övladı yaralayır?
Yetkin yaşda olan uşaqlar xüsusilə, çətin dövrlər yaşayanlar (iş tapmaq, şəxsi böhranlar və ya köç) həssas olurlar. Onlar özlərinə daim sual verirlər: “Düz edirəm?”, “Valideynlərimi məyus etdimmi?”, “Uğur qazana biləcəyəmmi?”
“‘Nəhayət, artıq daha yaxşı…’ ifadəsi görünməz, amma çox təsirlidir: “Əvvəllər səhv edirdin, indi isə düzəlirsən.” Valideyn bunu tərif kimi nəzərdə tuta bilər, amma övlad bu kəlmələri tənqid kimi qəbul edir. Çünki onun arxasında gizli mesaj var: ‘Əvvəlki hər şey düzgün deyildi.’”
Böhran dövründə insan artıq öz uğursuzluqları üzərində narahatdır. Valideynin belə sözləri əlavə edildikdə övladın özünə inamı sarsıla bilər.
Niyə valideynlər buna tez-tez yol verir?
Valideynlər uzun illər övladının “düzəlməsini” gözləmiş və nəhayət müsbət dəyişiklik gördükdə, böyük rahatlıq hiss edirlər.
Psixoloqlar bu situasiyanı belə izah edirlər:
“Bu ifadə valideynin illərlə daşıdığı narahatlığın azalmasını göstərir. Amma övlad üçün bu ‘mən səni əvvəllər dəstəkləmirdim, indi dəstəkləyirəm’ kimi səslənir. Bu çox ağrılıdır, çünki övlad hiss edir ki, sevgi yalnız gözləntilərə cavab verildikdə yaranır.”
Dəyərləndirici və dəstəkləyici tərif arasındakı fərq
Fərq fokusdadır. Dəyərləndirici tərif nəticəyə baxır və əvvəlki vəziyyətlə müqayisə edir, dəstəkləyici tərif isə övladın səylərinə və hisslərinə yönəlir.
Dəyərləndirici tərif nümunələri:
“Nəhayət, artıq daha yaxşısı, düzgün addım atdın”;
“İndi düz, əvvəllər səhv idi”;
“Nəhayət doğru yoldasan”;
Dəstəkləyici tərif nümunələri:
“Bilirəm, sənə asan deyildi”;
“Sevinirəm ki, bacardın”;
“Sənin necə mübarizə apardığına görə fəxr edirəm”;
‘Çətinlikləri tanımaq nəticəyə görə tərifdən daha təsirlidir. Valideyn ‘sənin necə çalışdığını görürəm’ və ya ‘bilirəm, çətin idi’ dedikdə, övladın hisslərini tanıyır. Hisslərin tanınması emosional təhlükəsizlik yaradır və dialoqu gücləndirir”.
Aynur Nadirqızı, Patrul.az






