“Təsis olunacaq medalı Azərbaycan mətbuatı “ana südü” kimi haqq edir”- ƏMƏKDAR JURNALİST
“Azərbaycan milli mətbuatı böyük tarixi, eyni zamanda keşməkeşli bir yol keçmişdir. Həsən bəy Zərdabi 150 il əvvəl millətinin mənəvi yükünü söz yükünə çevirib nə az, nə çox, düz 7 illik mücadilə, olmazın əzab-əziyyəti ilə, qarşıdurmalarla, ozamankı mürtəce qüvvəllərin təqibləri, həbsləri, evinə basqınları ilə, ailəsinin hər an təhlükə ilə üz-üzə qalması, işindən kənarlaşdırılması, yaşayış yerindən uzaqlaşdırılması, ev dustağına çevrilməsi, lakin bu mübarizədən dönməməsi hesabına “Əkinçi”nin nəşrinə nail oldu. Bununla da Azərbaycanda milli mətbuatın banisinə çevrildi. Həsən bəy ilk mətbu orqanın ardınca minlərlə qəzetin işıq üzü görməsinə, ölkəmizdə sadiq davamçılarından ibarət böyük jurnalist ordusunun yaranmasına, mətbuatımıza söz azadlığının, müstəqilliyin verilməsinə, illərlə bir mətbuat fədaisi yanarlılığı ilə hər vilayətin qəzetinin o vilayətin güzgüsü olmasının gərəkliyinə imza atdı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.
O bildirib ki, Həsən bəy Zərdabi adı, şəxsiyyəti ilə onun davamçılarına çevrilən, ötən hər günün tarixini yazan, bu günü gələcəyə götürə bilən, ictimai həyata güzgü tutmağı bacaran minlərlə jurnalist qürur duyur: ” “Əkinçi”nin böyük zəhmətkeşliklə toxum səpib cücərtdiyi “tarlalar” həm də bu gün minlərlə jurnalistin çörək ağacıdır. Söz əkib cümlə biçən, müasir dövrün ictimai həyatının fəal “Əkinçi”lərinə çevrilən hər bir qələm sahibi Zərdabinin ruhuna duaçıdır.
150 illik zamanda milli mətbuatımız uzun tarixi yol keçib. İctimai-iqtisdi formasiyalar, müxtəlif hakimiyyətlər görüb. Lakin bu mətbuat bütün dövrlərdə dördüncü hakimiyyət prinsipini qoruyub saxlaya bilib.
Zaman dəyişdikcə texnologiyalar da inkişaf etdi. İnternet əsrinə qədəm qoyduq. Elə sosial media da bu zaman yaranmağa başladı. Düzdür, bu gün sosial media ilə ənənəvi media müqayisəyəgəlməz dərəcədə fərqli olsa da, ənənəvi ciddi, sosial ilə bir qədər qeyri-ciddi hesab olunsa da, bəzi jurnlistlər “Əkinçi” ideyalarından uzaqda qalıb mənfəət ardında olsalar da, “like” üçün jurnalistlik fəaliyyəti ilə məşğul olanlar olsa da, bəzi sosial mətbuat nümunələrinin sosial şəbəkələrdən əsla fərqi olmasa da, lakin həm klassik, həm də müasir-sosial media subyektləri var ki, ölkədə hər zaman sözünü deyə, xalqın mili-mənəvi dəyərinə, yazılı arxivinə çevrilə bilib. Odur ki, yaranmasının 150 illiyi münasibətilə təsis olunacaq medalı Azərbaycan mətbuatı “ana südü” kimi haqq edir”.