media-inshot_20250805_151533923

İnsan ilboyu səbirlə gözlədiyi, planlar qurduğu, saydığı o möhtəşəm tətil günlərini yaşayır, ruhunu və bədənini dincəldir. Tətillər bitir, həyat isə davam edir. Daha doğrusu, tətildən sonra həyat daha da ağır gəlir. Bəs bunun səbəbi nədir?

Patrulaz.az-ın araşdırmasına görə, bu hal psixologiyada “tətil sonrası depressiya” adı ilə tanınır. İngiliscə “post-vacation blues” adlandırılan bu vəziyyət təkcə yorğunluq deyil, həm də ruh düşkünlüyü, motivasiyasızlıq və daxili boşluq hissinin kompleksidir. Təəssüf ki, bu problem sadəcə fərdi deyil, müasir həyat tərzinin bizə kələk gələn yanıdır.

Tətil beyni necə dəyişdirir?

Tətillər sadəcə fiziki istirahət deyil – bu, beynin təzyiqdən uzaqlaşdığı, stres hormonlarının azaldığı, xoşbəxtlik hormonlarının (dopamin, serotonin) artdığı dövrdür. İstirahət zamanı beynimiz daha yaradıcı, daha açıq və emosional olaraq balanslı olur. Lakin bu vəziyyət müvəqqətidir. Geri dönüş başlayanda, xüsusilə tətilin ziddinə olan monoton və məsuliyyət dolu həyat gündəmə gələndə, beyin şoka düşür. Bu da əhval-ruhiyyənin aşağı düşməsinə, daxili narahatlıqlara və tənbəllik hissinə səbəb olur.

Mükəmməl istirahətin təhlükəsi

Bugünkü dünyada tətillər “mükəmməl” yaşanmalıdır, ya da elə görünməlidir. Sosial şəbəkələrdəki parıltılı şəkillər, instagram üçün çəkilmiş “xoşbəxt anlar” tətilləri sadə istirahətdən çıxarıb, böyük bir performansa çevirib. Tətildən gözləntilər həddindən artıq yüksəlir və bu gözləntilər nə qədər yüksək olarsa, geri dönüş bir o qədər sərt olur.

Amerikalı klinik psixoloq Dr. Margaret Wehrenberg yazır:

“Tətil zamanı həyat sanki bizim üçün dayanır, biz isə nəfəs alırıq. Amma geri döndükdə həyat bizdən bir addım öndə olur və bizi yaxalayıb silkələyir”.

Tətil sonrası depressiyanın əlamətləri:

– Həyatdan həzz almama;

– Həddindən artıq yorğunluq və ya enerjisizlik;

– Diqqət yayınıqlığı;

– İşə və sosial həyata qarşı motivasiya itkisi;

– Tətili obsesiv şəkildə düşünmək, “geri qayıtmaq” arzusu.

Psixoloqlar bildirirlər ki, bu əlamətlər 1-2 həftə içində keçməlidir. Əgər uzanırsa, bu, artıq daha ciddi emosional tükənmənin siqnalı ola bilər.

Dünya üzrə müşahidələr

İsveç, Norveç, Kanada kimi uzun qış dövrləri olan ölkələrdə yay tətili bir növ həyat enerjisinin yeganə mənbəyi sayılır. Burada tətil sonrası depresiya hallarına daha sıx rast gəlinir.
Avstraliya Psixologiya Assosiasiyasının məlumatına görə, insanların 60%-i tətil sonrası ilk həftədə işlərini dəyişmək istəyir.

“Harvard Business Review”un 2023-cü il hesabatında deyilir:

“Tətildən qayıdan əməkdaşların ilk 10 günü onların illik performansına birbaşa təsir edir. Depressiv qayıdış məhsuldarlığı 30%-ə qədər azalda bilər”.

Nə etmək lazımdır? 

1. Yumşaq keçid yarat – İlk iş gününə bütün məsuliyyətləri yükləmə. Ən vacib işləri tədricən həll et.

2. Plan qur – Tətildən sonra həyatının növbəti mərhələsi üçün hədəf müəyyənləşdirmək boşluq hissini azaldır.

3. Tətilin hissini yaşat – Geri qayıtdıqdan sonra tətil xatirələrini paylaşmaq, fotolara baxmaq, o ab-havanı kiçik elementlərlə gündəlik həyata daşımaq müsbət psixoloji təsir yaradır.

4. Mini tətil rutinləri qur – Günə bir fincan  qəhvə ilə başla, həftədə bir dəfə özün üçün vaxt saatı təyin et. Bu, həyatın ritmini dəyişməyə yardımçı olur.

5. Qayıdışı qəbul et – “Tətil bitdi, həyat bitdi” fikrindən çıx. Tətillər güzəşt deyil, həyatın bir hissəsidir. Geri dönüş də bir təcrübədir və içində müsbət imkanlar daşıyır.

Tətil sonrası depressiya zəiflik, ya da tənbəllik deyil. Bu, bəzən həyat tempinin sərtliyinə və istirahətin dəyərinin azaldılmasına qarşı beynin təbii reaksiyasıdır. Vacib olan bu reaksiyanı düzgün anlamaq və idarə etməkdir.

Ləman Sərraf


Bənzər xəbərlər