Texnologiya mütəxəssisindən şəxsi məlumatların qorumasının 7 QIZIL QAYDASI
Müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə yanaşı, insanların da həyatı getdikcə rəqəmsallaşır. Belə ki, süni intellekt, internet və digər rəqəmsal alətlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq bu texnologiyalar olmadan dünyanı təsəvvür etmək belə çətindir. Lakin texnologiyalar inkişaf etdikcə, rəqəmsal məkanda təhlükə riski də artır, yəni kiberhücumlar və məlumat oğurluqları daha geniş miqyas alır.
Son günlərdə bu təhlükənin real təzahürü olaraq internetdə təxminən 16 milyard istifadəçi məlumatının istifadəçi adları, şifrələr və digər şəxsi məlumatların sızdırıldığı məlum olub. Məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Qurumun yaydığı məlumata görə, bu hadisə internet üzərində indiyə qədər həyata keçirilmiş ən böyük kiberhücumdur.
Sızan məlumatlar arasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi tanınmış platformaların istifadəçi bazalarına aid informasiyalar, sosial şəbəkələr, VPN xidmətləri və bəzi dövlət qurumlarına məxsus məlumatlar da yer alıb.
Mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən texnologiya üzrə mütəxəssis Emin Qasımov bildirib ki, istifadəçilər internet üzərindən məlumatlarının oğurlanmaması üçün aşağıdakı əsas tədbirlərə əməl etməlidirlər:

“İnternet üzərindən məlumatların oğurlanmasının qarşısını almaq və ya bu cür təhdidlərin səviyyəsini minumuma endirmək üçün bir sıra vacib tədbirlər görülməlidir.
Kibertəhlükəsizlik sahəsində artan təhdidlər əsasınsa, xüsusilə istifadəçilər şəxsi məlumatlarının və parollarının qorunması üçün aşağıdakı addımları mütləq şəkildə atmalıdır:
1. Parolları fərqli hesablar üçün ayrı-ayrı təyin etmək – Yəni bu o deməkdir ki, eyni paroldan müxtəlif platformalarda istifadə etməyin.
2. İki mərhələli autentifikasiya (2FA) aktiv edin – Əlavə təhlükəsizlik qatını təmin etmək üçün bu üsul vacibdir.
3. Heç bir parolu chat, e-mail və ya digər mesajlaşma vasitələri ilə göndərməyin – Bu məlumatlar asanlıqla ələ keçirilə bilər.
4. Qeyri-rəsmi və şübhəli linkləri açmayın – Saxta saytlar vasitəsilə məlumatlarınız oğurlana bilər.
5. Telefon və kompüterlərdə istifadə etdiyiniz tətbiqlərə diqqət edin – Onlar sizdən xəbərsiz məlumatlarınızı toplaya bilər.
6. Parol generatorlarından istifadə edin – Güclü və təsadüfi parollar yaradaraq hesablarınızı daha etibarlı edin.
7. Parol idarəetmə tətbiqlərindən istifadə edin – Məsələn, “Apple Passwords” kimi rəsmi tətbiqlər həm təhlükəsiz, həm də istifadə üçün rahatdır.
Bu sadə, lakin təsirli tədbirlər şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etməyə kömək edəcək”.
Gülbəniz Səfərova






