media-inshot_20260501_224613188

ABŞ-nin Texas ştatında ikimühərrikli kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə aprelin 30-da, yerli vaxtla saat 23:00 radələrində Uimberli şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verib.

Amarillo şəhərindən havaya qalxan “Cessna 421C” tipli təyyarə təyinat məntəqəsi olan Nyu-Braunfels hava limanına çatmamış yerə çırpılıb.

Qəza nəticəsində təyyarədə olan pilot və 4 sərnişinin hamısı hadisə yerində həlak olub.

Hays dairəsinin hakimi Ruben Becerra bildirib ki, təyyarə çox yüksək sürətlə yerə çırpılıb və hadisə yerində güclü yanğın başlayıb.

İlkin araşdırmalar zamanı hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Həlak olanların şəxsiyyəti hələlik açıqlanmayıb.


Bənzər xəbərlər