media-photo-output

Son illər sosial şəbəkələr yalnız əyləncə platforması olmaqdan çıxaraq siyasi məlumatların yayıldığı əsas mənbələrdən birinə çevrilib. Xüsusilə “TikTok” və “İnstagram” gənclərin gündəmi qavrama tərzinə ciddi təsir göstərir. Qısa videolar, “influencer” rəyləri, emosional paylaşımlar sürətlə fikir formalaşdırır və bir çox hallarda ənənəvi medianı kölgədə qoyur.

Bəs sosial şəbəkələrdəki siyasi kontent gənclərin informasiya qəbuluna necə təsir edir?

Patrul.az-ın araşdırmasına görə, bu platformalarda siyasi kontent çox vaxt dolayı şəkildə təqdim olunur: trend videolar, satirik paylaşımlar, şəxsi hekayələr və populyar hesabların qısa şərhləri vasitəsilə. Gənclər uzun analizlər oxumaqdansa, 30–60 saniyəlik videolarla mövzunu “tez başa düşdüyünü” zənn edirlər. Elə problem də bundan yaranır. İnformasiya nə qədər sürətli və emosional olsa da, bir o qədər faktlardan uzaq və manipulyativ ola bilir.

“İnfluencer”lərin təsiri də az deyil. Gənclər onlara inanır, onların fikirlərini “daha səmimi” hesab edirlər. Bu isə siyasi baxışların formalaşmasında qeyri-rəsmi şəxslərin rolunu artırır. Halbuki həmin şəxslər mütəxəssis olmaya və paylaşdıqları məlumatlar tam dəqiq və ya qərəzsiz olmaya bilər.

Bununla yanaşı, müsbət tərəflər də mövcuddur. Sosial şəbəkələr gənclərin siyasi proseslərə marağını artırır, onları daha çox sual verməyə və araşdırmağa sövq edir. Müzakirələr daha açıq olur, informasiyaya çıxış isə daha sürətlidir. Gənclər dünyada baş verənləri anında öyrənir və fikirlərini sərbəst şəkildə bölüşə bilirlər.

Nəticə etibarilə, “TikTok” və “İnstagram” siyasi məlumat üçün güclü platformalara çevrilsə də, gənclərin bu məlumatı düzgün filtrdən keçirməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki əsl güc təkcə məlumat almaqda deyil, həmin məlumatı doğru analiz etməkdədir.

Ləman Sərraf


Bənzər xəbərlər