media-img-20260514-wa0073

Son illərdə xüsusilə sosial şəbəkələrin, oyunların, musiqi mədəniyyətinin və qlobal moda trendlərinin təsiri ilə bəzi uşaq və yeniyetmələrin daha qaranlıq, qeyri-adi, skelet təsvirli və diqqətçəkən geyim üslublarına maraq göstərdiyi müşahidə olunur. Valideynlər isə bəzən bu dəyişiklikləri narahatlıqla qarşılayaraq bunun sadəcə dəb, özünüifadə forması, sosial çevrənin təsiri, yoxsa uşağın daxili emosional vəziyyəti ilə bağlı olub-olmadığını anlamaqda çətinlik çəkirlər. 

Bəzi uşaqların qorxulu, qaranlıq üslublu, skelet təsvirli və fərqli geyim tərzlərinə maraq göstərməsi hansı psixoloji amillərlə bağlı ola bilər?

Bu maraq daha çox özünüifadə ehtiyacı, sosial təsir və trendlərləmi əlaqəlidir, yoxsa uşağın daxili emosional vəziyyəti və psixoloji dünyası barədə müəyyən siqnallar verə bilər?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, uşaqların və yeniyetmələrin qorxulu və qaranlıq üslublara marağı hər zaman psixoloji problem deyil, əksər hallarda bu, özünüifadə, fərqlənmək və sosial təsirin nəticəsi olur:

“Uşaqların və yeniyetmələrin qorxulu, qaranlıq üslublu və ya skelet təsvirli geyimlərə maraq göstərməsi hər zaman psixoloji problem demək deyil. Bir çox hallarda bu, özünüifadə, fərqlənmək və kimlik axtarışı ilə bağlı olur. Xüsusilə yeniyetməlik dövründə insan “mən kiməm?” sualına cavab axtardığı üçün fərqli üslublara, simvollara və diqqət çəkən obrazlara maraq göstərə bilir.

Burada sosial təsirin də rolu böyükdür. Sosial şəbəkələr, musiqi mədəniyyəti, oyunlar, filmlər və məşhur influenserlər müəyyən estetikaları trendə çevirə bilir. Uşaq da özünü müəyyən qrupa aid hiss etmək və qəbul olunmaq üçün bu üslubu mənimsəyə bilər. Yəni bəzən bu, daxili problemdən çox sosial identikliklə bağlı olur”.

media-inshot_20260514_183853690

N.Orucov qeyd edir ki, bəzi hallarda qaranlıq üslublara maraq uşağın daxili emosiyalarını ifadə etmə forması ola bilər və əsas diqqət geyimdən çox davranış dəyişikliklərinə yönəlməlidir:

“Digər tərəfdən, bəzi uşaqlar üçün qaranlıq obrazlar daxildəki emosiyaların dolayı ifadə forması ola bilər. Özünü anlaşılmamış, tənha və ya emosional gərgin hiss edən yeniyetmə bunu açıq şəkildə demək əvəzinə geyim, musiqi və vizual seçimləri ilə göstərməyə çalışa bilər. Bu halda üslub bir növ “mənim içimdə fərqli hisslər var” mesajına çevrilir. Amma vacib məqam odur ki, valideynlər bunu dərhal təhlükəli və ya “pis” davranış kimi damğalamamalıdır. Çünki sərt reaksiya uşağın daha çox qapanmasına səbəb ola bilər. Əsas diqqət edilməli olan şey yalnız geyim deyil, ümumi davranış dəyişiklikləridir. Əgər bununla yanaşı sosial uzaqlaşma, davamlı aqressiya, özünəqapanma, ümidsizlik və ya riskli davranışlar müşahidə olunursa, o zaman uşağın emosional vəziyyətinə daha diqqətli yanaşmaq lazımdır”.

Psixoloq vurğulayır ki, bu hallarda ən düzgün yanaşma uşağı qadağalarla sıxışdırmaq yox, onun emosiyalarını anlamağa çalışaraq açıq ünsiyyət qurmaqdır:

“Ən sağlam yanaşma uşağı qorxutmaq və qadağan etmək yox, onunla ünsiyyət qurmaqdır. “Bu üslub sənə nə hiss etdirir?” kimi sakit və maraqlanan yanaşma uşağın özünü daha rahat ifadə etməsinə kömək edir Qısaca desək, bu cür maraqlar çox zaman kimlik axtarışı, özünüifadə və sosial təsirlə bağlıdır. Bəzi hallarda isə daxili emosional vəziyyətin dolayı ifadəsi ola bilər. Əsas məsələ görünən simvoldan çox, uşağın ümumi psixoloji vəziyyətini anlamağa çalışmaqdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər