media-kemale

Sumqayıtda keçirilən toy mərasimində müğənni Kəmalə Günəşli ilə məclis sahibi arasında qalmaqallı insident yaşanıb. 

Patrulaz.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhərinin Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında baş verən insident zamanı ifaçı ilə toy sahibi V.Mikayılova arasında mübahisə yaranıb. Səbəb isə ifaların keyfiyyəti və əvvəlcədən razılaşdırılmış ödənişin edilməməsi olub.

İddiaya görə, tərəflər 4 saatlıq çıxış üçün 4 min manat müqabilində razılaşıblar. Toy sahibəsi 300 manat behi prodüserin hesabına əvvəlcədən köçürüb. Lakin məclis zamanı V.Mikayılova müğənninin yalnız fonoqramla çıxış etdiyini və razılaşdırılmış repertuarı yerinə yetirmədiyini əsas gətirərək ödənişdən imtina edib. Bu isə tərəflər arasında gərginlik yaradıb.

Mübahisə zamanı Kəmalə Günəşli mikrofon vasitəsilə məclis sahibi haqqında təhqiramiz ifadələr işlədib və onu digər qonaqların qarşısında alçaldıb. Daha sonra isə müğənni masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Lakin bakal onun yaxın qohumlarından birinə dəyərək gəncin sifət nahiyəsində xəsarətə səbəb olub.

Hadisədən sonra hər iki tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Müğənni vəd edilən məbləği tələb edərkən, qarşı tərəf onun xuliqanlıq etdiyini və fiziki zorakılığa yol verdiyini bildirib. Faktla bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilkin məlumatı Ajans.az saytı yayıb.


Bənzər xəbərlər