media-img_5895

“Şübhəsiz ki, Donald Trampın ikinci dönəm hakimiyyətə başlaması dünyada çox ciddi siyasi dəyişikliklərə səbəb oldu. İlk olaraq qeyd etməliyik ki, artıq üç ildir davam edən Rusiya-Ukrayna savaşında yeni şərait yarandı. Belə ki üç il ərzində Ukraynaya ardıcıl şəkildə dəstək verən ABŞ-nin keçmiş administrasiyasından fərqli olaraq Tramp faktiki şəkildə bu ölkəni daha çox ittiham etməkdədir. Bundan başqa, birbaşa danışıqlar aparmaqlar Rusiyanın izolyasiyadan çıxmasına yardım etdi və beynəlxalq siyasi arenaya qayıtmasını təmin etdi. Rusiya ilə aparılan danışıqlar Ukrayna ilə müharibədə onu daha da iştahlandırdı. Son dövrlər guya atəşkəsə razı olan Rusiyanın Ukrayna ərazisinə kütləvi raket zərbələri endirməsinin də şahidi olmaqdayıq”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

media-img_9459

Onun sözlərinə görə, digər tərəfdən ABŞ özünün ənənəvi müttəfiqi olan Avropa İttifaqı ilə münasibətlərində kifayət qədər ciddi çatlar əmələ gəlib:

“Belə ki ABŞ hazırda Ukraynaya təhlükəsizlik təminatı vermədiyi kimi, Avropanın da təhlükəsizliyinə təminat verməkdən imtina etmiş kimi görünür. Avropa İttifaqı da onun bu həmlələrinə cavab verməyə çalışır. Aİ özünün müdafiə xərclərini artırmaq üçün qərarlar qəbul edir. Artıq hərbi xərclər üçün vəsaitlərin ayrılması ilə bağlı razılıq əldə olunub.
Eyni zamanda, Donald Tramp bir çox ərazilərə iddia irəli sürüb. Kanadanın, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi, Panama kanalının ələ keçirilməsi və s. kifayət qədər ciddi məsələlərdir. Ən önəmlisi Trampın İranla birbaşa danışıqlara razılıq verməsi də yeni bir hadisə kimi dəyərləndirilə bilər. Nəhayət, Donald Trampın ABŞ-nin daxilində atdığı addımlar, o cümlədən, dünyanın 180 ölkəsinə tətbiq etdiyi tarif dərəcələri ilə bağlı artımlar sözsüz ki, dünya siyasətində ciddi proseslərin getdiyinin xəbərçisidir. Bu gün Tramp faktiki olaraq 80 ildən bəri mövcud olan düzəni dağıdan bir siyasətçi kimi fəaliyyət göstərir”.

Ləman Sərraf


Bənzər xəbərlər