Tramp Netanyahuya xəbərdarlıq etdi: "Binaları dağıtmağı dayandır, bu İsraili pis göstərir"
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi son müzakirələrdə Livandakı hərbi əməliyyatların forması ilə bağlı sərt xəbərdarlıqlar edib.
Patrul.az xəbər verir ki, Tramp “Axios” nəşrinə verdiyi müsahibədə İsrail rəhbərliyindən Livanda kütləvi dağıntılara yol açan hücumlar əvəzinə, yalnız “cərrahi” (nöqtəvi) əməliyyatlar aparmağı tələb edib.
Prezident Tramp binaların kütləvi şəkildə dağıdılmasının həm insani, həm də imic baxımından yolverilməz olduğunu vurğulayıb:
“Mən Netanyahuya dedim ki, o, bunu daha cərrahi yolla etməlidir. Binaları yıxmaq olmaz. Bu, çox dəhşətlidir və İsraili dünyada pis vəziyyətdə qoyur”.
Livanın hazırkı böhranına görə birbaşa İranı günahlandıran Tramp, “Hizbullah”ın varlığını Tehranın regiondakı təsiri ilə əlaqələndirib. O bildirib ki, İranın təsiri neytrallaşdırılacağı təqdirdə “Hizbullah” qruplaşması da avtomatik olaraq aradan qalxacaq.
Tramp həmçinin Livana olan rəğbətini dilə gətirərək, ölkənin yenidən dirçələ biləcəyinə inandığını qeyd edib.
İsrail mediasının məlumatına görə, Netanyahu Trampla söhbətlərində “Hizbullah”ın hücumlarına cavab olaraq əməliyyatların intensivliyini artırmağın zəruri olduğunu müdafiə edib.
Hazırda İsrail ordusu Livanın cənubunda Hizbullahın infrastrukturunu məhv etmək adı altında yaşayış binalarını hədəf almağa davam edir. Hizbullah isə buna raket və PUA zərbələri ilə cavab verir.






