Tramp niyə Rusiya-Ukrayna müharibəsində Kiyev tərəfli çıxış edir? - ŞƏRH
ABŞ prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. O, əvvəllər Rusiyanı müdafiə edərək müharibənin başlanmasına görə Ukraynanı ittiham edirdisə, indi Kremli Ukraynaya qarşı müharibədə “təcavüzkar” adlandırır.
Maraqlıdır ki, son baş verən proseslərə əsasən Donald Trampın mövqeyinin dəyişməsi Rusiya–Ukrayna müharibəsinə necə təsir göstərəcək?
Bu barədə AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Patrulaz.az-a açıqlamasında bildirib ki, Ukraynanı dəstəkləmək müqabilində ABŞ administrasiyasının atdığı hər hansı başqa bir addım ortada yoxdur:

“Trampın davamlı olaraq Rusiya mövqeyindən çıxış etməsi onun reytinqinə mənfi təsir göstərdiyi, Avropa İttifaqı–ABŞ münasibətlərində müəyyən məsafə saxlamalı olduğu və xüsusən müharibənin dayandırılması ilə bağlı verdiyi vədlərə Rusiya tərəfindən atılan addımların maneçilik törətdiyi üçün, indi o, sanki Ukraynanın mövqeyindən çıxış edərək bəyanatlar verir. Buna görə də zaman-zaman “Putin dəli olub” və ya “Rusiya təcavüzkardır” kimi fikirlər səsləndirməyə başlayıb. Amma prinsip etibarilə bütün bunlar belə Trampın və onun administrasiyasının Ukraynanın maraqlarından çıxış etdiyi anlamına gəlməməlidir. Çünki verilən bəyanatlarla, atılan addımlar tamamilə başqa olur. Yəni, bu gün biz bilirik ki, Tramp administrasiyası Ukraynaya birbaşa maliyyə yardımının dayandırılması addımlarında qərarlar qəbul edib. Ayrı-ayrı ABŞ şirkətlərinin, Donald təşkilatlarının üçüncü ölkələrə maliyyə yardımının dayandırılması haqqında qərar qəbul edilib və eyni zamanda Ukraynaya silah və texnikanın ötürülməsini də faktiki olaraq dayandırıb və indi həmin o silah, o cümlədən texnika üçüncü ölkələrə, Avropa İttifaqına və NATO ölkələrinə satılaraq Ukraynaya daxil olmur. Yəni, bu gün Ukraynanı dəstəkləmək müqabilində ABŞ administrasiyasının atdığı hər hansı bir addım ortada yoxdur. Bütün dünya, Avropa İttifaqı – müharibənin dayandırılması üçün Rusiyaya təzyiq edilməsinin vacibliyini düşünən hər kəs Trampdan indiyə qədər elan etdiyi sanksiyaların tətbiqi ilə bağlı qərarı gözləyirlər. Amma bu məsələ də artıq neçə aydır ki, uzanır və Tramp istiqamətində də Rusiyaya qarşı addımlar atmağa tələsmir. Onun son bəyanat və şərtləri əsasən ABŞ-nin Rusiya ilə bağlı konkret addımlar atması üçün bütün Avropa İttifaqı və NATO ölkələrinin Rusiyanın ticarət tərəfdaşlarına 50 və 100 faizli tariflər tətbiq etməsi ilə bağlı bir şərti var. Onun ortaya qoyulması da əslində ABŞ-nin Rusiyaya təzyiq edilməməsi məsuliyyətini Avropa İttifaqı və NATO-nun digər dövlətlərinin çiyninə qoymağa hesablanan addımdır. Çünki hər kəs kifayət qədər yaxşı bilir ki, bu gün ayrı-ayrı ölkələrin, Rusiyanın ticarət tərəfdaşı olan Çin və Hindistan kimi ölkələrin tariflər tətbiq etməsi həmin ölkələrdən də Avropa İttifaqına və NATO ölkələrinə qarşı tariflərin tətbiq edilməsinə də gətirib çıxara bilər ki, bu da həmin ölkələrin, yeni Avropa ölkələrinin iqtisadiyyatına olduqca mənfi təsir göstərə bilər”.
R. Bayramov ABŞ və Tramp administrasiyasının apardığı vasitəçilik missiyasının, danışıqlar prosesinin iflasa uğradığını vurğulayıb:
“Avropa İttifaqının Çinin, Çinin isə Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından olduğunu bilirik və bu cür addımların atılması da faktiki olaraq mümkünsüzdür. Bunu Tramp administrasiyası da bilir. Bu şərtlərlə çıxış etməklə əslində o, deməyə çalışırdı ki, birgə Rusiyaya təzyiq göstərməyin yollarını göstərdim, amma Avropa İttifaqı və NATO-nun digər ölkələri bu addımı atmadığına görə biz də Rusiya ilə bağlı sərt sanksiya siyasətini həyata keçirmədik. Bu, məsuliyyətdən qaçmaqdır və görünən odur ki, ABŞ və Trampın administrasiyasının apardığı vasitəçilik missiyası faktiki olaraq iflasa uğrayıb. Ümumiyyətlə, danışıqlar prosesi iflasa uğrayıb və ABŞ proseslərdən çəkilmək, özünü kənara çəkmək üçün indi bütün məsuliyyət yükünü Avropa İttifaqının çiyinlərinə yıxmağa cəhd göstərir. Yəni, başqa cür desək, bu gün Trampın Rusiyanı “təcavüzkar” adlandırması əslində Trampın Ukrayna böhranının həlli ilə bağlı mövqeyinin dəyişməsi kimi qəbul oluna bilməz. Tramp administrasiyası isə Rusiya ilə bağlı real addımların atılmasını ya istəmir, ya da bunu gecikdirir”.
Cəmilə Cəfərzadə






