Tramp Si Cinpini “əla lider” adlandırdı
ABŞ Prezidenti Donald Tramp Çin Prezidentini “böyük lider” adlandırıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu Pekində keçirilən danışıqlardan əvvəl deyib.
O, Çin Prezidenti Si Cinpini tərifləyərək, ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün tez-tez telefonla danışdıqlarını bildirib:
“İşlər çətinləşəndə aramızda yaxşı münasibət yarandı. Mən sənə zəng edirdim, sən də mənə zəng edirdin. Hər hansı problemimiz olanda insanlar bunu hiss belə etmirdilər. Biz məsələləri çox tez həll edirdik və birlikdə fantastik gələcəyimiz olacaq. Sən əla lidersən. Mən bunu hamıya deyirəm. Bəzən insanlar bunu deməyimi xoşlamırlar, amma yenə də deyirəm, çünki bu, həqiqətdir”, – deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, Donald Tramp 13-15 may tarixlərində Pekində rəsmi səfərdə olub. Səfər çərçivəsində Tramp və Si Cinpin Pekindəki Böyük Xalq Zalında keçirilən rəsmi qarşılanma mərasimindən sonra ikitərəfli sammit keçiriblər.
Görüşdə tərəflər ticarət tarifləri, süni intellekt, Tayvan böhranı, həmçinin Yaxın Şərqdə İran ətrafında yaranmış gərginlik fonunda qlobal enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, bu, Trampın 2017-ci ildən bəri Çinə ilk səfəridir.






