Tramp: “Üçtərəfli görüşə mümkün qədər tez nail olacağıq”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü başa çatdırdıqdan sonra Avropa İttifaqı liderləri ilə danışıqlara başlayıb.
Patrulaz.az xəbər verir ki, Tramp Zelenski ilə görüşünü uğurlu adlandırıb və Aİ liderləri ilə danışıqlar zamanı növbəti üçtərəfli görüşün mümkün olacağına ümid etdiyini açıqlayıb:
“Biz çalışacağıq ki, üçtərəfli görüşə mümkün qədər tez nail olaq”,- deyə ABŞ lideri bildirib.
Tramp həmçinin avqust ayında Alyaskada Vladimir Putinlə keçirilmiş görüş barədə danışıb:
“Alyaska sammiti mənim sülhün əldə oluna biləcəyinə inamımı təsdiq etdi”.
Qeyd edək ki, Tramp Zelenski ilə söhbətindən dərhal sonra Putinlə də telefonla danışacağını bildirib:
“Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik. Bu gün birbaşa Putinlə danışdım. Bu görüşdən sonra dərhal ona zəng edəcəyik”.
Zelenski də Trampın dediklərinə qoşularaq, üçtərəfli görüşün baş tutacağına ümid etdiyini və hətta, ərazi məsələlərin məhz o görüşdə müzakirə ediləcəyini vurğuladı.






