Tramp Ukraynaya getsə, nə dəyişəcək? – Politoloq ŞƏRHİ
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiya ilə mümkün sülh danışıqlarından əvvəl ölkəsinə səfər etməyə dəvət edib. O, bu müraciəti Rusiyanın aprelin 13-də Ukraynanın Sumı şəhərinə ağır raket hücumundan sonra edib. Maraqlıdır ki, Zelenskinin Trampı Putinlə görüşməmişdən əvvəl Ukraynaya səfər etməyə çağırmasının əsas məqsədi nədir? Bu barədə Patrulaz.az-a politoloq Rəşad Bayramov öz fikirlərini bölüşdü:
“Zelenskinin Trampı Ukraynaya səfər etməyə dəvət etməsinin arxasındakı ən vacib səbəb ABŞ liderinə Rusiyanın Ukrayna ərazisində nələr etdiyini və hətta ABŞ-Rusiya danışıqları fonunda belə əraziləri necə bombalayaraq dinc sakinləri qətl etdiyini əyani şəkildə göstərməkdən ibarətdir.
Zelenski düşünür ki, bu, Trampı Rusiya ilə bağlı siyasətində sərt mövqe tutmağa vadar edər və ABŞ tərəfindən Ukraynaya dəstəyin davam etdirilməsi və göstərilən dəstəyin səviyyəsinin artırılmasına imkan verər”.
Politoloq R.Bayramov bu məsələyə münasibət bildirərək qeyd edir ki, Trampın Ukraynaya səfəri müharibə məsələsini həll etməyəcək. Çünki ABŞ müharibənin dağıdıcı tərəflərini onsuz da anlayır:
“Əslində Tramp bu dəvəti qəbul etsə belə dəyişən nəsə olmayacaq. Çünki ABŞ Ukraynada nə baş verdiyini, Rusiyanın hücumlarının səviyyəsini, hər gün ölən insanlar haqqında məlumatları kifayət qədər yaxşı bilir. Ona görə də Trampın Ukraynaya səfəri, əksinə, ABŞ tərəfindən müharibənin tez bir zamanda dayandırılması və daha çox itkinin qarşısının alınması naminə Rusiyanın şərtlərinin qəbul edilməsinin vacibliyi ilə bağlı Ukraynaya təzyiq göstərməsinə səbəb ola bilər”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı son zamanların ən ağır hücumlarından biri aprelin 13-də Sumı şəhərində baş verib. Hava zərbələri nəticəsində 34 nəfər həyatını itirib, 117 nəfər isə yaralanıb. Mülki əhalini hədəfə alan bu hücum beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanıb və insan hüquqlarının pozulması kimi qiymətləndirilib. Prezident Zelenski isə məhz bu hücumdan sonra Trampı ölkəsinə səfərə dəvət edib.
Gülbəniz Səfərova