""Tramp yolu" varsa, "Putin yolu" niyə olmasın?" - Ermənistana təklif
Rusiya Ermənistana Abxaziya və Gürcüstan ərazisindən keçməklə “Rusiya Prezidenti Vladimir Putin yolu”nun yaradılmasını təklif edib.
Patrul.az xəbər verir ki, bu təkliflə Moskvada təşkil olunan “Rusiya və Dünya: Dialoqlar 2026. Yeni Reallıq” adlı beynəlxalq konfransda Milli Rabitə İnkişafı Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov çıxış edib.
Rəsmi Azərbaycan, ABŞ və Ermənistan arasında əldə olunan razılıq əsasında “Tramp marşrutu”nun salınacağını əsas gətirərək, rəsmi İrəvana analoji addımı atmağı – öz ərazisi ilə Gürcüstan arasında “Putin yolu” layihəsini reallaşdırmağı təklif edib.
O, regionda fərqli bir logistik konfiqurasiyanın qurulmasının vacibliyini vurğulayaraq bunları deyib:
“Əgər Azərbaycandan Türkiyəyə “”Tramp yolu” varsa, onda niyə Rusiyadan Abxaziya və Gürcüstandan keçərək Ermənistana “”Putin yolu” ola bilməz?”, – deyə bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də ABŞ Prezident Donald Trampın şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında 7 bənddən ibarət birgə bəyannamə imzalanıb. Paralel olaraq, hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini paraf ediblər.
Sənədin 4-cü bəndinə əsasən, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsinə “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) statusu verilib.
Ermənistan tərəfi bu strateji marşrutun inkişafı və idarə edilməsi məqsədilə ABŞ ilə 99 il müddətinə müstəsna əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya görə, sözügedən dəhliz infrastruktur və idarəetmə işlərini həyata keçirəcək ABŞ-nin müəyyən etdiyi xüsusi konsorsiuma icarəyə veriləcək.






