Tramp Zelenskiyə işğal olunmuş torpaqlarının xəritəsini göstərməklə nə demək istədi ? - Politoloq AÇIQLADI
Son zamanlar bütün gündəmi zəbt edən ABŞ Prezidenti Donald Trampın münaqişəli ölkələr arasında asayişin bərqərar olunması üçün göstərdiyi səylərinin şahidi oluruq. Buna ilkin nümunə özünün vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 8 avqust tarixində üçtərəfli Sülh Sazişi Bəyannaməsinin imzalanması oldu. Son zamanlarda isə Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün göstərdiyi vasitəçilik cəhdlərini müşahidə edirik.
Belə ki, ABŞ Prezidenti ard-arda Putinlə daha sonra isə Zelenski ilə görüşlər təşkil etdi. Onun hər iki tərəflə təkbətək görüşünün səbəbi liderlərin nə istədiklərini bilmək, o cümlədən onları sülhə razı salmaqdır. Xüsusi ilə seçilən avqustun 18-də Aİ liderlərinin də iştirakı ilə Tramp və Zelenski arasındakı Ağ Ev görüşü bir sıra məqamları ilə yadda qaldı.
Görüşdə ən maraqlı hadisə Trampın Ukraynanın çəhrayı rənglə kursivlənmiş Rusiya tərəfindən ələ keçirilən torpaqlarının xəritəsinin Zelenksiyə göstərməsi oldu. Bir Prezident kimi Zelenki onsuz da nə qədər torpağının Rusiya tərəfində olduğunu bilir. Buna baxmayaraq, niyə məhz Donald Tramp bilərəkdən sözügedən xəritəni Zelenkiyə nümayiş etdirdi? Bunun altında nə kimi siyasi mesajlar var?
Bu barədə Patrulaz.az-a açıqlamasında politoloq Turan Rzayev öz fikirlərini bölüşdü. Onun sözlərinə görə, xəritənin mənası, əslində Ukraynanın mövcud vəziyyətini və müharibənin acı reallıqlarını Zelenskiyə xatırlatmaq olub ki, bu yolla da atəşkəsə, o cümlədən üçtərəfli görüşə razılıq verilsin:
“18 avqust tarixində ABŞ-nin Ağ Evində Ukrayna Prezidenti Zelenki ilə Donald Trampın görüşündə Ukraynanın işğal olunmuş ərazilərinin əks olunduğu xəritənin göstərilməsi acı reallığın ortaya qoyulmasıdır. Yəni, bunu kimsə Ukraynaya deməli idi. Təxmini olaraq Ukraynaya məxsus 20 % ərazi Rusiya tərəfindən ələ keçirilib. Buna baxmayaraq, Kiyev hökuməti torpaqlarını geri ala bilmir. Bu müharibənin də hazırda sonu görünmür. Yəni, Tramp xəritəni nümayiş etmədirməklə bildirmək istəyir ki, müharibə nəticəsində mövcud durum belədir və biz sülhə nail olmalıyıq”.

Politoloqun fikrincə, tərəflər ən azından atəşkəsə nail olunmasını istəyir. Onun sözlərinə görə, xəritə vasitəsilə də Tramp Rusiyaya nisbətən Ukraynanın acı vəziyyətini göstərməyə çalışıb:
“Mən əslində bunu de-yure sazişi kimi qiymətləndirirəm. Əslində mövcud reallıqlar çərçivəsində ən azından tərəflər arasında bir atəşkəs razılaşmasının əldə olunmasının istənildiyini düşünürəm. Bunu taktiki geri çəkilmə kimi qiymətləndirmək olar. Çünki, hər halda ərazi itkisi hesabına sülh ABŞ-nin maraqlarına uyğun deyil. Ona görə ki, bu gələcəkdə Tayvan problemlərini və ya digər münaqişələri aktivləşdirə bilər. Buna görə də ABŞ bunları istəmir. Nəticədə onlar Zelenskiyə başa salmağa çalışırlar ki, mövcud reallıqlar çərçivəsində sülh ən çox Ukraynaya lazımdır. Çünki Ukrayna əhalisindən qadınlar, kişilər həyatlarını itirməyə davam edir, yəni bu hara qədər davam edə bilər ki?… Ukrayna artıq demoqrafik böhranla üzləşməyin astanasındadır. Rusiya isə birmənalı şəkildə muzdlu və canlı qüvvələri müharibəyə cəlb edir. Yəni, onun Ukrayna kimi belə bir problemi yoxdur. Məhz ABŞ xəritəni Volidimir Zelenskiyə göstərməklə bütün sadalaqdıqlarımı siyasi mesaj kimi ötürməyə çalışıb”.
T.Rzayev Ukraynanın gələcəkdə Rusiya işğalı altında olan torpaqlarının geri alacağına inandığını bildirir. Politoloq ölkənin mövcud vəziyyətini 1990-cı illərdəki Azərbaycanla müqayisə edərək, Rusiyada da bir gün zəif iradəli rəhbərin hakimiyyətə gələcəyini və həmin vaxt Ukraynanın torpaqlarını geri almasının mümkün olacağını vurğulayıb:
“Gələcəkdə Ukraynanın həmin torpaqları azad etməsi məsələsinə gəldikdə isə, mən buna inanıram. Ona görə ki, Rusiya mütləq ki, bir gün zəifləyəcəkdir. Burada hakimiyyətə Boris Yelçin kimi bir zəif iradəli rəhbər gələcəkdir və o zaman müharibəyə yenidən başlanılacaqdır. Necə ki, Azərbaycan atəşkəs razılaşmasını de-yure sazişi üzrə 1990-cı illərdə imzaladı. Taktiki geri çəkilmə etdi və 30 ildən sonra da yenidən torpaqlarını geri ala bildi. Eyni ssenarini Ukrayna da edə bilər. Bir sözlə, sözügedən xəritə Ukraynanın xeyrinə siyasi bir mesaj idi ki, Zelenski də bunu başa düşdü”.
Gülbəniz Səfərova






