Trampdan gözlənilməz qərar: “Azadlıq Layihəsi” dayandırıldı
ABŞ Prezidenti Donald Trump “Azadlıq Layihəsi” adlı hərbi-humanitar əməliyyatın müvəqqəti dayandırıldığını açıqlayıb.
Patrul.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, qərar Pakistanın və vasitəçilik prosesində iştirak edən digər ölkələrin müraciəti əsasında qəbul olunub.
Onun sözlərinə görə, İran nümayəndələri ilə “tam və yekun razılaşma” istiqamətində ciddi irəliləyiş əldə edilib və bu addım mümkün sülh sazişinin yekunlaşdırılması üçün fürsət yaradır.
Donald Tramp qeyd edib ki, əvvəlki hərbi kampaniya zamanı əldə olunan nəticələr hazırkı danışıqlar üçün zəmin formalaşdırıb.
Bununla yanaşı, əməliyyatın dayandırılmasına baxmayaraq, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının qüvvədə qaldığı bildirilib.
Məlumata görə, bir neçə gün əvvəl başladılan missiyanın əsas məqsədi Hörmüz boğazında qalan beynəlxalq ticarət gəmilərinin təhlükəsiz şəkildə müşayiət olunaraq bölgədən çıxarılması idi. Bildirilir ki, həmin ərazidə 850-1550 arasında gəmi və 22 mindən çox dənizçi sıxılmış vəziyyətdə qalıb.
Qərarın ABŞ Dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth tərəfindən əməliyyatın davam etdiriləcəyi ilə bağlı açıqlamalardan cəmi bir neçə saat sonra verilməsi diqqət çəkib.







