Trampdan İrandakı etirazçıların asılacağına sərt reaksiya: "Əgər bu baş verərsə..."
ABŞ Prezidenti Donald Tramp İranda etiraz aksiyaları zamanı saxlanılan bəzi şəxslərin edam edilə biləcəyi barədə yayılan məlumatlara sərt reaksiya verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu cür addımın atılacağı təqdirdə ABŞ-nin İrana qarşı ciddi tədbirlər görəcəyini bildirib.
“Əgər bu baş verərsə, çox sərt tədbirlər görəcəyik. Bunun sonu yaxşı olmayacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp ABŞ-nin İrandakı etirazçılara dəstək vermək üçün müxtəlif imkanlara malik olduğunu da vurğulayaraq, bu dəstəyin yalnız hərbi vasitələrlə məhdudlaşmadığını, iqtisadi və digər alternativlərin də mövcud olduğunu bildirib.
O, həmçinin İran vətəndaşlarını etirazları davam etdirməyə çağırıb:
“Bütün İran vətənpərvərlərini etirazları davam etdirməyə, mümkün olduqda müəssisələrinizi ələ keçirməyə və sizi istismar edən qatillərin və istismarçıların adlarını qeyd etməyə çağırıram”, – deyə Tramp bildirib.
Bu açıqlamalara cavab olaraq İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ prezidentini zorakılığı təhrik etməkdə ittiham edib. O, BMT-nin baş katibinə ünvanladığı məktubda Trampın İranda daxili sabitliyi pozmağa çalışdığını iddia edib.
Qeyd edək ki, İran məhkəmə sisteminin rəhbəri etirazlar zamanı saxlanılan şəxslərin sürətli məhkəmələrinin keçiriləcəyini və edam cəzalarının istisna olunmadığını açıqlayıb.
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın kəskin devalvasiyası, iqtisadi böhran və valyuta mübadiləsi problemlərinə qarşı dükan sahiblərinin etirazları ilə aksiyalar başlayıb.
Məlumatlara görə, indiyədək etirazlar zamanı 2550 nəfər həyatını itirib. Ölənlərdən 2403-ü etirazçı olub, onların 12-si 18 yaşdan aşağı şəxslərdir. Həmçinin 147 təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olub. Hadisələr nəticəsində 1134 nəfərin yaralandığı, 18 434 nəfərin isə saxlanıldığı bildirilir.






