media-inshot_20250804_164052553

Son illərdə dünya elə qarşıdurmalara şahid olub ki, artıq bu cür hadisələr insanlarda təəccüb yaratmır. Rusiya-Ukrayna müharibəsi, İsrail-Suriya və İsrail-İran arasında yaşanan gərginliklərdən sonra indi də diqqət Rusiya ilə ABŞ arasında baş verən son qarşıdurmaya yönəlib.

Rusiya Federasiyasının keçmiş prezidenti Dmitri Medvedevin sözləri ABŞ Prezidenti Donald Trampı o qədər qəzəbləndirdi ki, bu gərginlik iki nüvə başlıqlı sualtı qayığın Rusiyaya yaxın sahələrə göndərilməsi ilə nəticələndi. Hazırda bütün beynəlxalq ictimaiyyətin diqqəti həmin sualtı qayıqlara yönəlib.

Trampı qəzəbləndirən Medvedevin iyulun 28-də verdiyi açıqlamada bunlar yer alır:

“ABŞ lideri Moskva ilə ultimatum oyunu oynayır. Tramp anlamalıdır ki, Rusiya nə İsraildir, nə də İran. Moskva hər yeni təhdidi ABŞ-la müharibəyə doğru bir addım kimi qiymətləndirir”… Bu sərt təhdid xarakterli bəyanata Tramp da eyni cür reaksiya verib:

“Sözlər çox önəmlidir və gözlənilməz nəticələrə səbəb ola bilər”… Tramp bununla kifayətlənməyərək, Medvedevi Rusiyanın uğursuz keçmiş prezidenti adlandırıb. O indi təkcə sözlə deyil, faktiki addımlarla da Rusiyaya cavab verməyə çalışır. Söhbət, hazırda Rusiyanı hədəfə alan nüvə başlıqlı sualtı qayıqlardan gedir…

Maraqıdır ki, bu sualtı qayıqların bölgəyə göndərilməsi müharibə xəbərdarlığıdır? yoxsa sadəcə siyasi təzyiq vasitəsi..?

Mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Trampın bu addımı daha çox güc nümayişi xarakteri daşıyır:

media-resad-1752238744

“ABŞ-nin iki nüvə sualtı qayığının Rusiyaya bitişik ərazilərə göndərilməsinin bir neçə məqsədi ola bilər, ki, bunlar da özündə güc nümayişini, çəkindirməni və ekstremal hallarda potensial münaqişəyə hazırlığı ehtiva edir. İndiki halda Trampın bu şəkildə qərar verməsini, yəni nüvə silahı daşıyan sualtı qayıqları hərəkətə gətirməsini ABŞ-nin hərbi əməliyyatlara hazır olması barədə Rusiyaya sərt xəbərdarlıq mesajı kimi qəbul edilə bilər. Çünki Tramp tərəfindən məlum qərar Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin təhdid dolu bəyanatlarından sonra verilib. Tramp açıq şəkildə bəyan etdi ki, “bizi təhdid etdilər və biz də qərara gəldik ki, bu təhdidlər yanlışdır və buna görə də hazırlıqlı olmalıyıq. Başqa sözlə, Trampı bu şəkildə radikal qərar alması rəsmi Kremlə “qırmızı cizgiləri” aşan təhdidlərin nə qədər təhlükəli nəticələr verə biləcəyini xatırlatmaq məqsədi daşıyır. Bu həm də Putinin Trampın sülh çağırışlarına məhəl qoymamasına cavab kimi də qəbul oluna bilər.

Rusiyanın bundan nəticə çıxarmasını zaman göstərəcək. Hər şey Trampın bu məsələdə, yəni Rusiyaya təzyiqdə nə qədər səmimi və qətiyyətli olduğundan asılı olacaq. Trampın Rusiyaya verdiyi möhlət bitmək üzrədir və indi hər kəs hansı qərarların veriləcəyini səbirsizliklə gözləyir”.

Politoloqun fikrincə, Donald Tramp liderlər arasında dəyişkən və ziddiyyətli mövqeləri ilə seçildiyindən, onun sualtı qayıqlar məsələsində də uzunmüddətli və davamlı təzyiq siyasəti yürütməsi inandırıcı görünmür. Trampın siyasi karyerası ərzində bir məsələ üzrə verdiyi qərarı qısa müddət sonra tam əks mövqelə dəyişməsi dəfələrlə müşahidə olunub. Bu isə hazırda Rusiya sahillərinə göndərilən sualtı qayıqların yaxın günlərdə geri çağırılması ehtimalını artırır.

Politoloq Rəşad Bayramov əlavə edib ki, Trampın eyni zamanda öz xüsusi nümayəndəsi Stiv Vitkoffu Rusiyaya göndərməsi onun Kreml ilə tamamilə dialoqu kəsmək niyyətində olmadığını göstərir:

“Trampın tez-tez fikir dəyişən biri olması, onun Rusiyaya təzyiqlə bağlı ardıcıl xətt tutacağına dair ehtimalları azaldır. Biz indiyə qədərki dövrdə Trampın eyni məsələlərə dair bir-birinə daban-dabana zidd olan fikirlər söyləməsinə və qərarlar verməsinə şahidlik etmişik. Odur ki, indi də həmin sualtı qayıqların qısa vaxt sonra geriyə çağırılması ehtimalı kifayət qədər yüksəkdir.

Onu da qeyd edim ki, Tramp atom sualtı qayıqlarının Rusiyaya yaxın ərazilərə göndərməsinə baxmayaraq öz xüsusi nümayəndəsi Stiv Vitkoffu da Rusiyaya göndərib. Bu o deməkdir ki, Tramp hələ də Rusiya ilə dialoq üçün bütün imkanları tükənmiş hesab etmir və müəyyən qapı saxlayır”.

R.Bayramov 1936-cı ildə qəbul edilmiş və boğazlardan hərbi keçidə məhdudiyyət qoyan “Montrö Konvensiyası”nı əsas gətirərək, Türkiyənin icazəsi olmadan ABŞ-nin Rusiyaya hərbi gəmilər göndərməsinə də münasibət bildirib:

“Digər tərəfdən ortada həm də “Montrö Konvensiya”sı var. Bu konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur. Konvensiya həmçinin Qara dənizdə nüvə sualtı qayıqlarının daimi mövcudluğunu inkar edir. Bu konvensiyanın tələblərinə müvafiq olaraq Qara dənizdə nüvə sualtı qayıqlarının yerləşdirilməsi üçün Türkiyənin icazəsi tələb olunur. Əgər ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək istəyirsə, “Montrö Konvensiyası”na uyğun olaraq Türkiyədən icazə alınmalıdır. İcazə verilərsə belə, bu qayıqlar yalnız onlara ayrılan müddət ərzində ərazidə qala və sonra oranı tərk etməlidirlər. Xatırladım ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Türkiyə “Montrö Konvensiyası”nın ona verdiyi səlahiyyətlərdən istifadə edib və boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər