media-retouch_2025071711431520

“Donald Trampın həyata keçirdiyi yeni vergi və proteksionist qərarlar qlobal ticarət sistemində müəyyən təzyiqlər yaradır. Xüsusilə də idxaldan asılı olan ölkələr üçün bu qərarların təsirləri daha hissolunandır. Azərbaycan da həmin ölkələr sırasındadır. Bizim iqtisadiyyatın bir sıra vacib sahələri xarici məhsullardan asılıdır və bu qərarlar həmin sahələrdə qiymət artımı ehtimalını artırır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib.

Müsahibimiz ilk növbədə, elektronika məhsullarını qeyd edib:

“Məsələn, Apple, Dell, HP kimi markaların istehsalı ya birbaşa ABŞ-da, ya da ABŞ texnologiyalarına əsaslanaraq həyata keçirilir. Bu məhsullarda qiymət artımı labüddür və Azərbaycan bazarına da bu dəyişikliklər gec-tez əks olunacaq. Digər bir sahə avtomobil sektorudur. Həm ABŞ istehsalı olan avtomobillər, həm də qlobal bazarda qiyməti Trampın siyasətindən dolayı artan avtomobil ehtiyat hissələri Azərbaycanda bahalaşa bilər. Çünki bu məhsulların böyük hissəsi xaricdən gətirilir. Eyni zamanda dərman preparatları və tibbi avadanlıqlar sahəsində də narahatlıq var. ABŞ patentli və ya istehsalı olan dərmanların qiymətində artım olacağı təqdirdə, bu, Azərbaycanda da dərman qiymətlərinə təsir göstərəcək. Bundan əlavə, kənd təsərrüfatı əlavələri və heyvan yemi kimi məhsulların qiymətində də artım baş verə bilər. ABŞ-ın soya, qarğıdalı kimi məhsulları dünya bazarına təsir etdiyindən, burada yaranan qiymət dəyişiklikləri dolayı yolla Azərbaycanda ət və süd məhsullarına təsir edə bilər. Son olaraq, sənaye və enerji texnologiyaları, xüsusilə də neft-qaz sahəsində istifadə olunan texniki avadanlıqların bir qismi ABŞ mənşəlidir. Onların da qiymətində artım olsa, bu, strateji sektorlara əlavə xərclər gətirəcək”.

media-inshot_20250717_113354362

Elnur Quliyev bildirib ki, ABŞ-ın bu tip iqtisadi qərarları qlobal qiymət zəncirini dəyişdirməklə bərabər, Azərbaycan kimi iqtisadiyyatlara inflyasiya riski, manatın alıcılıq qabiliyyətində zəifləmə və idxal məhsullarında qiymət artımı şəklində əks oluna bilər:

“Bu reallıq bizə bir daha sübut edir ki, qlobal iqtisadi proseslərdən təcrid olunmaq mümkün deyil. Odur ki, Azərbaycan iqtisadiyyatında risklərin qabaqlanması, alternativ təchizat kanallarının yaradılması və daxili istehsalın təşviq edilməsi daha da aktuallaşır. Çünki yalnız bu yolla biz xarici dalğalanmalara qarşı dayanıqlı iqtisadi model qura bilərik”.

Ləman Sərraf


Bənzər xəbərlər